Azərbaycan cüdoçusu: "Gələn dəfə Parisdə olimpiya çempionu olmaq istəyirəm"

Azərbaycan cüdoçusu: "Gələn dəfə Parisdə olimpiya çempionu olmaq istəyirəm" Fransanın paytaxtı Parisdəki Böyük Dəbilqədə qızıl medal qazanmış Azərbaycan cüdoçusu Balabəy Ağayevin "Report"a müsahibəsi
Fərdi
18 Oktyabr , 2021 11:44
Azərbaycan cüdoçusu: Gələn dəfə Parisdə olimpiya çempionu olmaq istəyirəm

Fransanın paytaxtı Parisdəki Böyük Dəbilqədə 60 kq çəki dərəcəsində qızıl medal qazanmış Azərbaycan cüdoçusu Balabəy Ağayevin "Report"a müsahibəsi

- Yarışla bağlı təəssüratlarınız necədir və hansı hissləri keçirirsiniz?
- Yarış haqqında təəssüratlarım çox yaxşıdır. Qalib olduğum üçün çox sevincliyəm. Hazırda bu hisslərimi sizə sözlə ifadə edə bilməyəcəyəm.

- Gənclərin yarışında nəticələr qazanmısınız. Böyüklərdə isə ilk dəfə uğur əldə edirsiniz. Medal qazanacağınıza və ya qalib olacağınıza əvvəlcədən inanırdınız?
- 2018-ci ildə gənclər arasında dünya ikincisi olmuşdum. Amma düzü, belə yarışda qalib olacağımı gözləmirdim. Vətənə medalla qayıdacağıma hardasa ümid edirdim. Amma qızıl medal ağlıma belə gəlmirdi.

- Sizin çəkininizdə titullu idmançılar var idimi və rəqiblər arasında ən çətini kim oldu?
- 60 kq-da yetərincə yaxşı cüdoçu mübazirə aparırdı. 1/8 finalda qarşılaşdığım fransalı Jolan Florimonta daha əvvəl qalib gəlmişdim. Böyüklər arasında da ilk görüşüm məhz ona qarşı oldu. Çox gərgin görüş alındı. 8 dəqiqə mübarizə apardıq. İki cərimə xalı almışdım, buna baxmayaraq, qızıl xal bölümündə vazari ilə qalib gəldim.

- Azərbaycan cüdoçuları adətən Yaponiya təmsilçiləri üzərində daha az qələbə əldə edir. 1/4 finalda Genki Koqa ilə dueldən qalib ayrıldınız. Həmin görüşdə rəqibi nəyin hesabına məğlub etdiniz?
- Həmin qarşılaşmaya çox yaxşı köklənmişdim. Tatamiyə çıxanda ancaq qələbə haqqında fikirləşirdim. Özümə inamım həddindən artıq çox idi. Düşünürəm ki, cüdoda hər rəqibə qalib gəlmək olar.

- 60 kq-da Azərbaycan millisində həmişə güclü idmançılar olub, amma son zamanlar bu çəkidə daimi lider yoxdur. Davud Məmmədsoy və Kəramət Hüseynovu rəqabətdə üstələyib, lider idmançıya çevrilə bilərsinizmi?
- Bunu burada deməyim düzgün olmaz. Hər şeyi qarşıdakı yarışlar göstərəcək. Belə məsələləri zamana buraxmalıyıq.

- Qızıl medal qazanandan sonra gənclər və idman naziri Fərid Qayıbov sizi təbrik etdi. Bu barədə nə deyə bilərsiniz?
- Cənab nazirə göstərdiyi diqqətə görə dərin minnətdarlığımı bildirirəm. Fərid Qayıbovun haqqımda qeyd etdiyi fikirlər məsuliyyətimi daha da artırır. Əlimdən gələni edəcəyəm ki, uğurumun davamı gəlsin.

- Fərid Qayıbov sizdən 2024-cü il Parisdəki olimpaidada da qızıl medal gözlədiyini yazmışdı...
- Mən də Parisdə yenidən çempion olmaq istəyirəm. Gələn dəfə artıq olimpiadanın qızıl medalını hədəfləyirəm. Niyə də olmasın?

Son xəbərlər

Orphus sistemi