Azərbaycan çempionu olmuş Vətən müharibəsi şəhidi, atlet Arif Qeybiyevin xatirəsi Astarada yad edilib.
"Report" xəbər verir ki, Azərbaycan Atletika Federasiyasının (AAF) baş katibi Məhərrəm Sultanzadə, qurumun İcraiyyə Komitəsinin üzvü, Respublika Olimpiya Mərkəzinin direktoru Şəlalə Yaqubova, beynəlxalq əlaqələr və inkişaf şöbəsinin müdiri Kənan Məhərrəmov, Astara rayonu üzrə gənclər və idman sektorunun müdiri Rufan Şirinov və federasiyanın Astaradakı nümayəndəsi Rəşad Əliyev Ərçivan qəsəbəsində şəhidin ailə üzvləri ilə görüşüb.
Daha sonra şəhidin rayondakı məzarı ziyarət edilib. Görüşdə AAF-ın prezidenti Cavid Qurbanovun şəhidin ailəsinə diləklərini çatdıran qurum rəsmiləri Arif Qeybiyevin atletikada əldə etdiyi yüksək nailiyyətlərdən danışaraq, onun həm idmançı kimi, həm də şərəfli döyüş yolu ilə örnək olduğunu vurğulayıblar.
Qeyd edək ki, Arif Qebiyev dəfələrlə kros qaçışı üzrə Azərbaycan çempionu olmaqla yanaşı, müxtəlif yerli və beynəlxalq yarışların qalib və mükafatçısı olub. Sentyabrın 27-də Füzuli istiqamətindəki döyüşlərdə qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə yüksələn Arif Qeybiyev "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Vətən uğrunda" və "Cəsur döyüşçü" medalları ilə təltif edilib.