“Afrika çempionatı özümüzü göstərmək üçün böyük şansdır”.
Bunu “Report”a açıqlamasında Azərbaycan ağırlıqqaldıranı Nazilə İsmayılova (45 kq) Tunisdə keçiriləcək Afrika çempionatı ilə bağlı danışarkən deyib.
O, turnirdə uğurlu çıxış edəcəklərinə inandığını söyləyib: “Tunisdən medallarla qayıdacağımıza inanırıq. Çünki komanda şəklində çox yaxşı hazırlaşmışıq. Ümid edirəm ki, ölkəmizi layiqincə təmsil edərik”.
N. İsmayılova 15-23 aprel tarixlərində İrəvanda keçirilən Avropa çempionatı zamanı ermənilərin təxribatını bir daha xatırladıb: “Ermənistanda baş verən məlum hadisə bizə pis təsir etmişdi. Orada uğur qazanmağa hazır idik. Çünki yaxşı hazırlaşmışdıq. Ancaq onlar yenə də iç üzlərini ortaya qoydular. Təbii ki, buna səssiz qalmadıq, reaksiyamızı göstərdik. Bayrağımıza qarşı bu vəhşi hərəkətlə razılaşmadıq. Həmin hadisəyə baxmayaraq, ruhdan düşmürük, əksinə, daha həvəslə hazırlaşırıq”.
Qeyd edək ki, Azərbaycan yığmasının başqa qitənin çempionatında çıxışına səbəb bu ilin aprelində İrəvanda keçirilən Avropa çempionatında ermənilərin təxribatı nəticəsində millinin yarışda iştirak edə bilməməsidir.
11-20 may tarixlərində Tunisdə baş tutacaq Afrika çempionatı Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır.