Serbiyada keçirilən U-17 Avropa çempionatında birinci olan Azərbaycanın yunan-Roma güləşi millisi Bakıya qayıdıb.
"Report"un məlumatına görə, yığmanı Heydər Əliyev Beynəlxalq Hava Limanında ictimaiyyət nümayəndələri, azarkeşlər və KİV təmsilçiləri qarşılayıblar.
Xatırladaq ki, Azərbaycanın yunan-Roma güləşi millisi Serbiyanın Novi Sad şəhərində keçirilən Avropa çempionatının qalibi olub.
Böyük məşqçi Taleh İsrafilov və məşqçilər Rasim Ağayevlə Elbrus Məmmədovun rəhbərliyi altında yarışa qatılan komandanın 10 üzvündən 9-u medal (3 qızıl, 2 gümüş, 4 bürünc) qazanıb.
Azərbaycan 183 xalla komanda hesabında Avropa çempionluğunu qazanıb. Millimiz ikinci pillədə yer alan Ermənistanı 51 xal qabaqlayıb. Ukrayna 121 xalla üçüncü yeri tutub.
Beləliklə, U-17 yunan-Roma güləşi yığmamız 3-cü dəfə (2021, 2022, 2024) Avropanın ən güclü komandası olub. Millimiz medalların sayına və xallara görə də yeni rekorda imza atıb.
Qeyd edək ki, millinin heyətində Turan Daşdəmirov (51 kq), Ayxan Cavadov (60 kq) və Səid Paşayev Avropa çempionu olub. Əmrah Əmrahovla (48 kq) Yusif Əhmədli (71 kq) gümüş, Nicat İsgəndərli (45 kq), Əli Nəzərov (55 kq), Orxan Hacıyev (80 kq) və Mikayıl İsmayılov bürünc medal qazanıb.