Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) birgə təşkilatçılığı ilə sentyabrın 3-4-də akademik avarçəkmə, kayak və kanoe üzrə Azərbaycan çempionatı keçiriləcək.
AKAF-dan "Report"a verilən məlumata görə, Mingəçevir şəhərində yerləşən “Kür” Olimpiya Tədris-İdman Mərkəzində təşkil olunacaq yarışda Bakı və Mingəçevirdən olan 100-dən artıq idmançı mübarizə aparacaq.
Ölkə çempionatında avarçəkənlər kayak və kanoe növlərində 1 və 2 nəfərlik qayıqlarda 200, 500 və 1000 metr məsafədə çıxış edəcəklər. Akademik avarçəkmədə isə iştirakçılar 1, 2 və 4 nəfərlik qayıqlarda 1000 və 1500 metr məsafədə güclərini sınayacaqlar.
Qeyd edək ki, Azərbaycan çempionatı oktyabrda baş tutacaq ənənəvi “Mingəçevir Reqatası-2024” beynəlxalq turnirinə hazırlıq və seçim xarakteri daşıyır.