Vladimirin Türkiyədən yalnız qızıl medalla qayıdacağını gözləyirdik.
Bunu “Report”a açıqlamasında Azərbaycan Qış İdman Növləri Federasiyasının (AQİNF) baş katibi Günel Bədəlova Türkiyənin İstanbul şəhərində keçirilən fiqurlu konkisürmə üzrə “Bosphorus Cup” yarışında ölkəmizi təmsil edən Vladimir Litvintsevin çıxışını dəyərləndirərkən deyib.
Federasiya rəsmisi idmançının səhhətində yaranan problemlərə baxmayaraq, hədəfinə çatdığını bildirib:
“Hədəfimiz birinci yer idi. Vladimirin Türkiyədən yalnız qızıl medalla qayıdacağını gözləyirdik. Qeyd edim ki, bu bir növ onun Avropa və dünya çempionatına hazırlıq məqsədi daşıyırdı. Onun yarışdan qalib ayrılması birmənalı olaraq tələbimiz idi. Səhhətində problemlər, soyuqdəymə olmasına baxmayaraq, istəyinə çatdı. Təbii ki, bəzi nüanslar var, onu təkmilləşdirəcək. Ümumilikdə yaxşı çıxış etdi və birinci oldu”.
Qeyd edək ki, V.Litvitsev “Bosphorus Cup”da qızıl medal qazanıb.