Alpinizm Federasiyasının baş katibi: “Azərbaycanlılar 4 dəfə Everestdə, 8848 metr hündürlükdə olublar" - MÜSAHİBƏ

Alpinizm Federasiyasının baş katibi: “Azərbaycanlılar 4 dəfə Everestdə, 8848 metr hündürlükdə olublar" - MÜSAHİBƏ Azərbaycan alpinistləri bu yaxınlarda Afrika qitəsinin ən yüksək zirvəsi olan Kilimancaronu dəf edərək, 5895 metrlik hündürlükdə bayrağımızı dalğalandırıblar.
Fərdi
22 fevral 2024 07:34
Alpinizm Federasiyasının baş katibi: “Azərbaycanlılar 4 dəfə Everestdə, 8848 metr hündürlükdə olublar - MÜSAHİBƏ

Azərbaycan alpinistləri bu yaxınlarda Afrika qitəsinin ən yüksək zirvəsi olan Kilimancaronu fəth edərək, 5895 metrlik hündürlükdə üçrəngli bayrağımızı dalğalandırıblar.

Bununla yanaşı, Qusarın Laza kəndi yaxınlığındakı donmuş şəlalələrdə növbəti buzadırmanma festivalı təşkil olunub.

Azərbaycan Alpinizm Federasiyanın baş katibi İsrafil Aşurlı “Report”a müsahibəsində idmançıların çıxışlarını dəyərləndirib. Dünyanın ən hündür zirvəsi hesab olunan Everesti və Şimal qütbünü fəth etmiş ilk azərbaycanlı olan İsrafil Aşurlı ölkədə alpinizmin hazırkı durumu barədə də məlumat verib.

- Azərbaycan alpinistləri bu yaxınlarda Kilimancaro zirvəsini fəth etdilər. Yəqin ki, onlarla əlaqə saxlamısınız. Zirvəyə qalxarkən hansı maneələrlə üzləşiblər?
- Əlbəttə ki, fəthdən, eləcə də komanda üzvləri Bakıya dönəndən sonra onlarla əlaqə saxladıq. Yürüş yaxşı hava mövsümündə və klassik marşrutlardan biri üzrə baş tutmuşdu. Bu da fəth prosesində mümkün problemlərin yaranma riskini azaltmış oldu. İlkin plana kiçik düzəlişlər edilmişdi, amma komanda rəhbərliyi və iştirakçılar hər şeyin öhdəsindən yaxşı gəldilər.

- 5895 metrlik zirvəyə qalxmaq heç də asan iş deyil. Ümumiyyətlə, Azərbaycan alpinistlərinin indiyə qədər fəth etdikləri ən yüksək zirvə hansı olub?
- Kilimancaro Afrika qitəsinin ən yüksək zirvəsidir və məşhur “7 summits” proqramına daxildir. Bildiyiniz kimi, həmin proqram çərçivəsində bütün 6 qitədəki yüksək zirvələr fəth olunmalıdır. Avropa və Asiya da ayrı-ayrı qitələrdir. 5895 metr Azərbaycan alpinistləri üçün rekord hündürlük deyil. Azərbaycanlılar 4 dəfə Everestdə, 8848 metr hündürlükdə olublar. Mən də həmin azərbaycanlılardan biriyəm. Bundan başqa, alpinistlərimiz üç dəfə 7300, 8300 və 8400 metr hündürlüyə qədər qalxaraq, bu zirvəni fəth etməyə cəhd göstəriblər. Mən Kançencaqa (8586 m), Lxotse (8516 m), Makalu (8485 m), Manaslu (8163 m), Broud Pik (8051 m) zirvələrinə qalxmışam. Bundan başqa, hesabımızda Asiyada 7000, eyni zamanda Himalay və And dağlarında 6000 metrdən hündür zirvələr də var.

- Qusarın Laza kəndi yaxınlığındakı donmuş şəlalələrdə isə növbəti buzadırmanma festivalı keçirilib. Həmin festival nə ilə əlamətdar oldu?
- Bəli, Azərbaycan Alpinizm Federasiyası Laza kəndi yaxınlığındakı donmuş şəlalələrdə növbəti buzadırmanma festivalını keçirdi. Festivala 76 nəfər qatıldı. İştirakçılar üçün müxtəlif mürəkkəblik dərəcəsində marşrutlar təqdim olundu. İdmançılar mürəkkəblik və sürət disiplinlərində öz qüvvələrini sınamaq imkanı qazandılar. Festival təşkilatçıları buzadırmanma ilə yeni tanış olanlar üçün təlim dərsləri keçirdilər.

- Bəzi insanların yüksəklik qorxusu olur. Alpinistlər isə minlərlə metr hündürlüyə qalxırlar. Zirvəyə qalxarkən hansı çətinliklər daha çox olur? Həyati təhlükə riskini azaltmaq üçün hansı tədbirlər görülür?
- İnsan üçün hündürlük qorxusu nadir hal deyil. Axı biz quş deyilik. Alpinizmdə daha çox “dərinlik qorxusu” terminindən istifadə olunur. Çünki marşrutda işləyərkən hansı hündürlükdən aşağı düşə biləcəyini görürsən. Amma tədricən bu qorxu kütləşir və hündürlükdə işləyərkən sənin hərəkətlərinə mane olmur. Dağlarda qarşılaşa biləcəyimiz obyektiv çətinliklərdən danışsaq, bu, marşrutun mürəkkəbliyi, hava şəraiti, eyni zamanda marşrutdakı potensial təhlükələrdir (qar və qaya-daş uçqunu). Azərbaycan Alpinizm Federasiyası alpinistlərlə məşğələlər keçir. Onlara bu və ya digər şəraitdə davranış qaydalarını, fiziki, təbii və mental çətinliklərin öhdəsindən gəlməyi öyrədirik. İstənilən şəraitdə anlamaq lazımdır ki, təhlükəsizlik tədbirlərindən və hazırlıq səviyyəsindən asılı olmayaraq, alpinizm idmanın həyat üçün təhlükəli növlərindəndir.

- Dağa dırmanmaq daha çətindir, yoxsa oradan enmək?
- Hər şey təcrübədən asılıdır. Adətən yeni başlayanlar qüvvələrini düzgün bölüşdürə bilmirlər, diqqəti yalnız zirvəni fəth etməyə cəmləyirlər. Bütün fiziki və psixoloji güclərini qalxmağa sərf etdiklərindən, enərkən çox vaxt çətinliklə üzləşirlər. Fiziki, psixoloji cəhətdən yorulur, konsentrasiyanı itirir və səhvlərə yol verirlər.

- Alpinistlərimizin hansısa zirvəyə çıxmazdan əvvəl hazırlıq prosesləri olurmu və Azərbaycanda bunun üçün münbit şərait varmı?
- Əlbəttə ki, alpinist bir neçə baxımdan yaxşı hazırlaşmalıdır. Fiziki hazırlıq böyük fiziki yükün öhdəsindən gələ bilməkdir. Bunun üçün alpinist mövsümlərarası məşq etməlidir, dözümlülüyü artıran fiziki yüklərə diqqət yetirməlidir. Uzun məsafəyə qaçış, üzmək, velosiped sürmək və sair də bu qəbildəndir. Texniki hazırlıq dağ relyefinin müxtəlif növlərində hərəkət etmək, eyni zamanda alpinizm ləvazimatlarından düzgün istifadə etməkdir. Bu bilikləri klublarda məşq edərək, federasiyanın məşqçilərinin və ya sertifikatlı təlimatçılarının rəhbərliyi altında təlim görərək əldə etmək olar. Məşqlər şəhərdə, qayalarda, dağa yaxın hissələrdə və dağlarda keçirilir. Psixoloji hazırlıq bütün stressli şəraitlərə sinə gərmək və komanda ilə düzgün ünsiyyət qurmaq deməkdir.

- Ümumiyyətlə, Azərbaycanda alpinizm hansı səviyyədədir, bu idman növünə maraq necədir?
- 2015-2022-ci illərdə müxtəlif səbəblərdən alpinizmin səviyyəsi aşağı idi. Gənclər və İdman Nazirliyi əvvəlki federasiyanın mövcudluğunu əsassız sayaraq onun qeydiyyatını ləğv etdi. 31 avqust 2022-ci ildə Azərbaycan Alpinizm Federasiyası təsis olundu. Bu qurum ölkədə təkcə alpinizmə və onun tətbiq disiplinlərinə deyil, həm də idman dırmanmasına (idmanın olimpiya növü), skayranninq (dağlarda qaçış) və dağ turizminə cavabdehlik daşıyır. Azərbaycanda və ondan kənarda müxtəlif tədbirlər keçiririk. Respublika yarışları, müxtəlif kuboklar, festivallar, uşaq və gənclər üçün birinciliklər, alpinist toplanışları və ekspedisiyalar, uşaqlar üçün turist düşərgələri bu sıraya daxildir. Bundan başqa, ekoloji aksiyalar da keçiririk. İdman dırmanması mərkəzimizdə bu sahə üzrə məşqlər keçirilir. Eyni zamanda qaya massivlərində və dağlarda yeni marşrutlar salmaqla infrastrukturu inkişaf etdiririk. Dağlarda turist cığırları salırıq və bu zaman beynəlxalq standartlara əsaslanırıq. Həmçinin ətraf mühitə diqqətlə yanaşırıq.

- Əksər insanlar dağa dırmanmanı idman növündən çox əyləncə kimi görürlər. Bu, riskli deyil?
- Əvvəl də qeyd etdiyim kimi, alpinizm idmanın risklə bağlı növüdür. Buna görə də bu riski azaltmaq üçün mümkün olan hər şeyi etmək lazımdır. Bu da yaxşı hazırlıq və məşq deməkdir. Alpinizm ekstremal şəraitlərdə qərar qəbul etməyi, komanda ilə işləməyi, dəyişən situasiyaya tez reaksiya verməyi, hisslərinə nəzarət etməyi və qorxunu aşmağı öyrədir.

- Azərbaycan alpinistlərinin hələ də fəth etmədikləri və qarşılarına oranı da qalxmaq hədəfi qoyduqları bir zirvə varmı?
- Əlbəttə ki, dünyadakı bütün alpinistlərin fərdi məqsədləri və fəth etməyi arzuladıqları zirvələr var. Azərbaycanlı alpinistlər, o cümlədən mən də istisna deyiləm. Amma planlarımızı nadir hallarda bölüşürük. Adətən ondan yalnız bu və ya digər ekspedisiyaya gedən zaman xəbər tuturlar.

Son xəbərlər

Orphus sistemi