Vətən müharibəsinin iştirakçısı olmuş idman jurnalisti təltif edildi

Vətən müharibəsinin iştirakçısı olmuş idman jurnalisti təltif edildi Azərbaycan İdman Jurnalistləri Federasiyasında (AİJF) Vətən müharibəsinin iştirakçısı, idman jurnalisti Daşqın Əzizlə görüş keçirilib.
Fərdi
30 Dekabr , 2020 16:04
Vətən müharibəsinin iştirakçısı olmuş idman jurnalisti təltif edildi

Azərbaycan İdman Jurnalistləri Federasiyasında (AİJF) Vətən müharibəsinin iştirakçısı, idman jurnalisti Daşqın Əzizlə görüş keçirilib.

"Report"un məlumatına görə, tədbiri giriş sözü ilə açan AİJF-nin prezidenti Qabil Mehdiyev torpaqlarımızın düşmən tapdağından azad olunmasında iştirakına görə D.Əzizə qurumun üzvləri adından təşəkkür edib və onu idman jurnalistlərinin fəxri adlandırıb.

Q.Mehdiyev Vətən müharibəsində Azərbaycanın tarixi qələbəyə imza atdığını vurğulayıb: “Müzəffər Ordumuz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq təşkilatların 30 il ərzində edə bilmədiklərini qısa müddətdə gerçəkləşdirdi. Ölkəmiz bu böyük zəfəri ilə tarixi ədaləti və ərazi bütövlüyünü bərpa etdi”.

Sonra AİJF-nin vitse-prezidenti Firuz Abdulla və İdarə Heyətinin üzvü Elşən Məmmədov çıxış edərək Vətən müharibəsində digər gənclərimiz kimi, idman jurnalistlərimizin də böyük şücaət göstərdiklərini qeyd ediblər və qazi Daşqın Əzizə bundan sonrakı fəaliyyətində uğurlar arzulayıblar.

Səmimi görüşə görə AİJF rəhbərliyinə təşəkkürünü bildirən D.Əziz müzəffər Azərbaycan Ordusunun sıralarında döyüşməkdən qürur hissi keçirdiyini bildirib: “44 günlük müharibə zamanı əli silah tutan hər bir kəs doğma torpaqları uğrunda cəsarətlə ölüm-dirim savaşına can atırdı. Bütün azərbaycanlıların ürəyi doğma Qarabağla döyünürdü və hər birimiz yalnız qələbə uğrunda döyüşürdük. Allah bütün şəhidlərimizə rəhmət eləsin, onların haqqı ödənməz”.

D.Əziz görüş zamanı qələbəyə aparan döyüş yolundan bəhs edib, xatirələrini tədbir iştirakçıları ilə bölüşüb. Görüşdə Qabil Mehdiyev Daşqın Əzizə AİJF-nin “İdman mediasının fəxri” mükafatını, Firuz Abdulla isə üzvlük vəsiqəsini və xatirə hədiyyəsini təqdim ediblər. Həmçinin İdarə Heyətinin qərarı ilə AİJF tərəfindən D.Əzizə müalicəsinə dəstək məqsədi ilə maddi yardım da göstərilib.

Sonda isə Elşən Məmmədov sədri olduğu İdman Araşdırmalar Mərkəzinin sorğusuna əsasən, ilin döyüşkən idman jurnalisti nominasiyasında qalib gəldiyi üçün qazi idman jurnalistimizə təşkilatın mükafatı və xatirə hədiyyəsini təqdim edib.

Tədbirdə qeyd olunub ki, Vətən Müharibəsində iştirak edən digər idman jurnalistləri ilə də AİJF-də yanvar ayı ərzində görüşlər keçiriləcək. Karantin qaydalarına riayət edilməsi məqsədilə və bəzi idman jurnalistlərimizin hələ də Ordu sıralarında olması nəzərə alınaraq görüşlərin fərdi qaydada keçirilməsi qərara alınıb.

Son xəbərlər

Orphus sistemi