Azərbaycan Güləş Federasiyasının (AGF) rəsmiləri 4-cü mikrorayonda yerləşən güləş məktəbinin fəaliyyəti ilə tanış olublar.
"Report" xəbər verir ki, AGF-nin regionlar üzrə əlaqələndiricisi Elfaq Səfərov və sərbəst güləş üzrə U-20 millisinin məşqçisi Nazim Əlicanov federasiyanın 2024-cü ildən inventar və maddi dəstək verdiyi güləş məktəbinə təşrif buyurublar.
Sərbəst güləş üzrə məşqlərin keçirildiyi bu zalda yeniyetmələr arasında Avropa çempionu və dünya üçüncüsü Elman Ağayev, U-15 Avropa çempionatının mükafatçıları Fərhad Süleymanlı və Nihad Süleymanlı yetişib.
Məşqçilər Əlisa Abbasov və Elxan İskəndərovun rəhbərliyi altında həftənin 6 günü burada ödənişsiz məşqlər keçirilir. Hazırda sözügedən məktəbdə 60-dan çox yeniyetmə və gənc sərbəst güləşlə məşğul olur.