Hazırda bioyanacaq xammalı ticarəti ilə məşğul olan iş adamları üçün maraqlı fürsətlər yaranır.
“Report” xəbər verir ki, bu barədə “Wood Mackenzie” şirkətinin direktoru İan Sim Bakıda keçirilən “Xəzər və Mərkəzi Asiya Neft Ticarəti və Nəqliyyatı Forumu”nda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bioyanacaq istehsalı üçün tələb olunan investisiya neft emalı zavodunun ölçüsündən asılı olaraq 500 milyon ABŞ dollarından 1 milyard ABŞ dollarına qədər dəyişə bilər:
“Bu səbəbdən biz hazırda zavod operatorları, menecerlər, investorlar, banklar və digər tərəfdaşlarla danışıqlar aparırıq. Əsas müzakirə mövzusu isə yeni iri kapital qoyuluşları əvəzinə mövcud emal güclərinin necə səmərəli şəkildə bioyanacaq istehsalına yönəldilə biləcəyidir”.
İ. Sim əlavə edib ki, qlobal bazarlarda vəziyyət qeyri-sabit olaraq qalır:
“Tariflər sahəsində xaotik bir durum var. ABŞ-da sabiq Prezident Donald Trampın yenidən siyasi səhnəyə qayıdışı ilə bağlı qeyri-müəyyənlik hökm sürür. Belə bir şəraitdə, biz müəyyən müzakirələr apara bilərik, lakin 30 saniyə sonra vəziyyət tamamilə dəyişə bilər”.