“Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin gərgin səyləri nəticəsində Azərbaycanın malik olduğu təbii resurslarından səmərəli istifadə etmək məqsədilə 1994-cü il sentyabrın 20-də imzalanan “Əsrin müqaviləsi”nin uğurları buğünkü reallıqlarda özünün aydın ifadəsini tapıb. Regonal çərçivədə qurulan əməkdaşlığın coğrafiyası məhz bu unikal layihənin reallaşması sayəsində genişlənərək Azərbaycanın dünyanın enerji xəritəsini dəyişməsi ilə nəticələnməkdədir”.
“Report” xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.
O, qeyd edib ki, Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft-qaz layihələrinin uğurlu sonluqla başa çatmasından sonra “Əsrin müqaviləsi”nin 20 illiyində çoxtərəfli əməkdaşlığın başlanğıcı kimi dəyərləndirilən Cənub Qaz Dəhlizinin təməli qoyulub: “Dövlətimizin başçısı İlham Əliyev təməlqoyma mərasimində bu mühüm hadisəni görülən işlərin zirvəsi kimi dəyərləndirərək belə bir inamı da ifadə edib ki, bütün işlər nəzərdə tutulduğu vaxtda həyata keçiriləcək. Hər il ənənəvi olaraq kecirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin iclaslarında görülən işlərə diqqət yetirilir, qarşıdakı dövrün prioritetləri açıqlanırdı”.
Vüqar Rəhimzadə qeyd edib ki, enerji sektorunda əldə edilən uğurların xronologiyasına diqqət yetirdikdə real mənzərə tam şəkildə göz önündə canlanır: “2006-cı ildə BTC, 2007-ci ildə BTƏ neft-qaz boru kəmərlərinin açılışı oldu. 2011-ci ildə Xəzər dənizinin Azərbaycan sektorundakı karbohidrogen ehtiyatlarının şaxələndirilməsini stimullaşdırmaq məqsədilə çox mühüm sənəd hesab edilən Avropa Komissiyası ilə Azərbaycan arasında strateji əməkdaşlıq və enerji sahəsində Anlaşma Memorandumu imzalandı.
2012-ci ildə TANAP - Trans-Anadolu Boru Kəmərinin çəkilməsinə dair Türkiyə ilə Azərbaycan arasında tarixi Sazişə imza atıldı. 2014-cü ildə Cənub Qaz Dəhlizi ilə bağlı Bakıda təməlqoyma mərasimi keçirildi. 2015-ci ildə Türkiyənin Qars vilayətində TANAP-ın təməlqoyma mərasimi baş tutdu. 2016-cı il TAP layihəsinin təməlqoyma mərasimi kimi tarixə yazıldı. 2018-ci ildə Cənub Qaz Dəhlizinin rəsmi açılışı, həmin ilin iyun ayında isə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq xətti olan TANAP-ın inşası başa çatdırıldı. 2019-cu ildə TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimi keçirildi.
Enerji təhlükəsizliyinin ölkələrin iqtisadiyyatının inkişafına göstərdiyi təsiri və dövlətlərin xarici əlaqələrinin, regional əməkdaşlığın güclənməsindəki rolunu düzgün qiymətləndirən iqtisadçılar, ekspertlər haqlı olaraq bildirirlər ki, Cənub Qaz Dəhlizi siyasi, iqtisadi və sosial əlaqələrin genişlənməsinə və dərinləşməsinə xidmət edən layihədir. Cənub Qaz Dəhlizinin digər tərkib hissəsi olan TAP-ın cari ildə istifadəyə verilməsi nəzərdə tutulmuşdu ki, artıq Azərbaycan ilin son günündə bu böyük uğura da imza atdı. Dekabrın 31-də TAP vasitəsilə Azərbaycandan kommersiya məqsədli təbii qaz Avropa bazarına – İtaliya, Yunanıstan və Bolqarıstana çatdırılıb. Bununla da tam əminliklə qeyd etmək olar ki, ölkəmizin iqtisadi-maliyyə gücünün artmasına, Azərbaycanın və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə xidmət edən Cənub Qaz Dəhlizi layihəsinin bütün seqmentləri artıq fəaliyyətdədir. Azərbaycan bu böyük uğura nail olmaqla dünya bazarında böyük qaz ixracatçısına çevrildi”.
Tarixdə ilk dəfə Azərbaycan öz təbii qazını Avropa bazarına birbaşa boru xətləri vasitəsilə çıxarmağa nail olub: “Azərbaycan bununla öz ixrac imkanlarını şaxələndirdi. Bu, ölkə iqtisadiyyatına əlavə dəyər qazandırmaqla yanaşı, həm də Azərbaycanın iqtisadi müstəqilliyinin güclənməsi deməkdir”.
Azərbaycan iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələrinin uğurlu icrası nəticəsində bu gün regional inkişafın aparıcı qüvvəsinə, dünyanın enerji təhlükəsizliyinin təminatçısına çevrilib: “Bu layihələr yalnız iştirakcı deyil, digər dünya ölkələrinin də davamlı iqtisadi inkişafının təmin olunmasına öz müsbət təsirini göstərir. Uğurlu sonluqla başa çatan hər bir layihə yeni layihənin gündəmə gətirilməsində stimulverici amil rolunu oynayır. SOCAR-ın prezidenti Rövnəq Abdullayev TAP üzərindən ilk qazın nəqli ilə bağlı fikirlərini açıqlayarkən Cənub Qaz Dəhlizinin bütün seqmentlərində iştirak payına malik olmaqla, bu tarixi missiyanı uğurla başa çatdıran SOCAR və Azərbaycan neftçiləri adından Avropa Birliyi xalqlarına və əziz Azərbaycan xalqına gözaydınlığı verib, bu möhtəşəm layihənin müəllifi və aparıcı qüvvəsi olan Prezident İlham Əliyevin simasında bütün Azərbaycan xalqına təbriklərini çatdırıb. Bu mühüm məqam xüsusi qeyd edilir ki, bəzilərinin vaxtilə mümkünsüz hesab etdiyi 3 500 kilometr uzunluğunda bir-birinə bağlanan üç qaz boru xəttinin inşası artıq başa çatıb. Azərbaycan qazı bu gün Avropadadır. TAP-ın səhmdarları SOCAR, bp, “Snam”,” Fluxys”, “Enagás” və “Axpo” şirkətləridir”.
Onun sözlərinə görə, Cənub Qaz Dəhlizinin reallaşması Avropa İttifaqı - Azərbaycan əməkdaşlığında yeni mərhələ, Cənubi Qafqazda sülhün və əmin-amanlığın qorunması üçün göstərilən səylərin davamıdır: “Dünya dövlətlərinin də qeyd etdikləri kimi, ölkələrin milli təhlükəsizlik məsələsi ilə eyni səviyyədə dəyərləndirilən enerji təhlükəsizliyi ilə bağlı Azərbaycanın təşəbbüsləri önəmlidir. Avropa ölkələri üçün enerji təminatında yeganə yeni mənbə Azərbaycandır.
Ən önəmlisi odur ki, Cənub Qaz Dəhlizini tərəfdaşlarla birlikdə uğurlu sonluqla başa çatdırmaq üçün Azərbaycanın zəngin təbii sərvətləri, özünü doğruldan enerji diplomatiyası, birgə tərəfdaşlığa, regionda, qitədə əmin-amanlığın bərqərar olmasına çalışan, sülh tərəfdarı olduğunu əməli işi ilə sübut edən iradəli, qətiyyətli cənab İlham Əliyev kimi Prezidenti var”.