İsrail Avropaya qaz tədarükü üçün Azərbaycanın qaz infrastrukturundan istifadə edə bilər.
Bunu "Report"a açıqlamasında İsrailin Energetika Nazirliyinin mühəndislik və müfəttişlik şöbəsinin sabiq direktoru Viktor Baryudin bildirib.
Onun sözlərinə görə, bu siyasi vəziyyətdən asılı olacaq: “Lakin iki ölkə arasında enerji əməkdaşlığının səviyyəsi belə bir variantı nəzərdən keçirməyə imkan verir. Azərbaycanın logistikasından (Cənub Qaz Dəhlizinin imkanlarından) Türkiyədə istifadə etmək mümkündürmü? Bəli, əgər beynəlxalq vəziyyət imkan verərsə mümkündür".
Ekspert bildirib ki, İsrail illik 25 milyard kubmetr qaz hasil edir, bunun təxminən 14 milyard kubmetri daxili istehlak üçün, qalan 11 milyard kubmetri isə ixrac üçün istifadə olunur: "Biz öz qaz ehtiyaclarımızı tam şəkildə ödəyirik. Qalan hissə ixraca gedir. Nisbət təxminən 55 % daxili bazar və 45 % ixrac üçündür".
Bununla yanaşı, V.Baryudin qeyd edib ki, digər bazarlara qaz təchizatı həcmini artırmaq üçün "Leviafan" və "Tamar" yataqlarında işlənmənin ikinci mərhələsinə başlamaq lazımdır.
"Bu sahələrdə hasilatın artırılması ilə bağlı planlar var. Bundan əlavə, "Kariş" və "Tanin" yataqlarında istehsalın artırılması potensialı mövcuddur", - o bildirib.
Ekspert vurğulayıb ki, İsrail və Azərbaycan arasında müxtəlif sahələrdə əməkdaşlıq potensialı mövcuddur: "Bu, yüksək texnologiyalar, kənd təsərrüfatı, "yaşıl enerji", həmçinin dəniz suyunun duzsuzlaşdırılması da daxil olmaqla su çatışmazlığı problemlərinin həllini əhatə edir".
"Azərbaycan öz növbəsində neft-qaz hasilatı sənayesinin yüksək inkişaf səviyyəsinə malik bir ölkədir. Bu ölkədə olan mütəxəssislər həm bilik, həm də iş təcrübəsi baxımından peşəkardırlar. Biz qarşılıqlı hörmət və qarşılıqlı yardıma əsaslanan münasibətlərin qurulmasında unikal təcrübəyə malik iki ölkəyik", - V.Baryudin yekunlaşdırıb.