Türkiyə ərazisi ilə nəql olunan BTC neftinin həcmi 3 %-dən çox azalıb
- 05 avqust, 2024
- 08:29
Bu ilin yanvar-iyun aylarında Türkiyə ərazisi ilə Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri vasitəsilə 110,152 milyon barel neft nəql edilib.
“Report” Türkiyənin BOTAŞ şirkətinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin 6 ayı ilə müqayisədə 3,622 milyon barel və yaxud 3,2 % azdır.
Bu ilin iyun ayında isə BTC kəməri vasitəsilə Türkiyə ərazisi ilə 18,916 milyon barel neft nəql edilib. Məlumata görə, bu, ötən ilin eyni ayı ilə müqayisədə 0,743 milyon barel və yaxud 3,8 % azdır.
Qeyd edək ki, hazırda BTC boru kəməri əsasən Azərbaycandan “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan hasil edilən nefti və “Şahdəniz” yatağından çıxarılan kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri, o cümlədən Türkmənistan və Qazaxıstan nefti də nəql olunur.