“Total Energies” Azərbaycanda qaz hasilatına başlamasının onun karbohidrogen həcmlərinə təsirini açıqlayıb
- 28 iyul, 2023
- 10:16
Fransanın “Total Energies” neft-qaz şirkəti bu ilin üçüncü rübündə xüsusilə Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Abşeron” yatağından qazın çıxarılmasına başlaması ilə gündə orta hesabla 2,5 milyon barel karbohidrogen hasilatını proqnozlaşdırır və neft emalı zavodlarındakı istifadə səviyyəsinin 80 %-dən çox olacağı gözlənilir.
“Report” xəbər verir ki, bu barədə “Total Energies”in hesabatında bildirilib.
Hesabata görə, neft qiymətləri “OPEC+”ın səyləri nəticəsində uzun müddətdir təqribən 75 ABŞ dolları/barel səviyyəsində möhkəmlənib. Yay mövsümündə səyahətlərin artması və hava nəqliyyatının yenidən bərpası nəticəsində neft məhsullarına tələb qalmaqdadır.
Avropada təbii qazın qiymətləri anbarlara toplanması səbəbindən hazırda 1 milyon Mmbtu (Britaniya istilik vahidi) üçün 10 ABŞ dolları ətrafındadır. Asiyada tələbin bərpası və Avropada təchizat imkanlarındakı gərginlik 2023/2024-cü ilin qışına qiymətləri 15 ABŞ dolları/Mmbtu-dan yuxarı edə bilər.
“Total Energies”in proqnozuna əsasən, 2023-cü ilin üçüncü rübündə LNG-nin orta satış qiymətinin 9-10 ABŞ dolları/Mmbtu ətrafında olacaq.
Şirkət 2023-cü il üçün 5 milyard ABŞ dollarlıq aşağı karbonlu enerjilərin də daxil olduğu xalis investisiyaların dəyərini 16-18 milyard ABŞ dolları aralığında nəzərdə tutub.
Qeyd edək ki, Xəzər dənizinin Azərbaycan sektorunda, Bakıdan təxminən 100 kilometr cənub-şərqdə yerləşən “Abşeron” qaz-kondensat yatağının işlənməsinin İlkin Hasilat Sxemi (İHS) mərhələsi üzrə hasilata bu aydan başlanılıb. Bu mərhələ sualtı hasilat quyusunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Neft Daşları”ndakı mövcud qurğuları ilə əlaqəli yeni qaz emalı platformasına birləşdirir.
İHS mərhələsinin hasilat gücü gündəlik 4 milyon kubmetr qaz və 12 min barel kondensat təşkil edir. Qazın Azərbaycanın daxili bazarına satılacağı nəzərdə tutulur.
JOCAP (Absheron Petroleum Birgə Əməliyyat Şirkəti) tərəfindən idarə olunan layihədə SOCAR və "TotalEnergies" hər biri 50 % paya malikdir.