Dünya bazarında neft qiymətləri çərşənbə axşamı günortadan sonra səhər dinamikası ilə müqayisədə artımı 1,4-1,5 %-ə qədər sürətləndirib, tələblə və hasilatla bağlı gözləntilərdəki nikbinlik kotirovkaları dəstəkləməyə davam edir.
“Report” “Prime”a istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 15:45-ə olan məlumata görə, Şimal dənizindən hasil olunan “Brent” neft qarışığının may fyuçerslərinin qiyməti 1,51 % artaraq bir barel üçün 69,27 ABŞ dollarına, WTI-ın aprel fyuçersləri isə 1,4 % artaraq 65,96 dollar/barelə çatıb. Səhər saatlarında neft 0,8-0,9 % bahalaşmışdı.
Neft bazarında tələb-təklif tarazlığına dair ümumi gözləntilər bu xammalın dəyərini dəstəkləməyə davam edir. Təklif baxımından investorlar OPEC+ ölkələrinin qiymətləri dəstəkləməyə kömək etmək üçün hasilatı azaltmaq səylərini gözləyirlər.
Treyderlər Səudiyyə Ərəbistanının neft obyektlərinə hücumlarla bağlı son hadisələri qiymətləndirməyə davam edirlər. Bundan əvvəl Yəməndəki husilər 14 pilotsuz uçan aparat və 8 ballistik raket ilə Səudiyyə Ərəbistanı ərazisinə kütləvi zərbələr endirmişdi. Zərbələr nəticəsində Səudiyyə Ərəbistanının dövlət neft şirkəti olan “Saudi Aramco”nun Ras Tanura limanındakı obyektləri də vurulub.
Tələblə bağlı perspektivləri isə dünyada davam edən peyvəndləmə prosesi və müxtəlif ölkələrin hökumətləri və mərkəzi bankları tərəfindən iqtisadiyyatın dəstəklənməsi üzrə gördükləri tədbirlər dəstəkləyir. Ticarət iştirakçıları ümid edirlər ki, bu cür tədbirlər iqtisadiyyatı və bununla birlikdə neftə olan tələbatı bərpa etməyə kömək edəcək.