STAR neft emalı zavodu xam neft idxalını 2 %-ə yaxın artırıb

Energetika
  • 28 iyun, 2024
  • 10:11
STAR neft emalı zavodu xam neft idxalını 2 %-ə yaxın artırıb

Bu ilin aprel ayında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki aktivi olan STAR Neft Emalı Zavodu 863 min 654 tona yaxın xam neft idxal edib.

Bu barədə “Report” Türkiyənin Enerji Bazarının Tənzimlənməsi Qurumuna (EPDK) istinadən xəbər verir. Bu, Türkiyəyə idxal edilən xam neftin 20,56 %-i deməkdir.

STAR zavodu üçün idxal edilən neftin həcmi 2023-cü ilin eyni ayı ilə müqayisədə 16 min 517 ton və ya 1,94 % çox olub.

Bu dövrdə Türkiyədə neft məhsulları istehsal edən neft emalı zavodları tərəfindən 2 milyon 748 min 992 tondan çox xam neft idxal edilib. Bu, bir il əvvəlki göstərici ilə müqayisədə 750 min 252 ton və ya 37,54 % çoxdur.

Qeyd edək ki, STAR-ın açılışı 19 oktyabr 2018-ci ildə olub. Zavodun təməli isə 5 oktyabr 2011-ci ildə qoyulub. 2019-cu ilin sentyabr ayından etibarən zavod tam gücü ilə işləməyə başlayıb. Zavod ildə 12 milyon ton xam neft emal gücünə malikdir. Müəssisədə “Urals”, “Azeri Light” və “Kərkük” neft növlərini emal etmək mümkündür. Əsas məhsullarını dizel yanacağı (4,8 milyon ton), təyyarə yanacağı, nafta (1,6 milyon ton), maye neft qazı, qarışıq ksilol, neft koksu təşkil edir.

STAR Türkiyənin ilk Strateji Sərmayə Təşviq Sənədinə sahib olub.

Son xəbərlər

Bütün Xəbər Lenti