STAR neft emalı zavodu aviayanacaq istehsalını 24 %-dən çox artırıb
- 30 oktyabr, 2023
- 07:16
Bu ilin avqust ayında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki aktivi olan STAR neft emalı zavodu (NEZ) 163 min 991 tona yaxın reaktiv mühərriklər üçün kerosin yanacağı (aviayanacaq) istehsal edib.
Bu barədə “Report” Türkiyənin Enerji Bazarının Tənzimlənməsi Qurumuna (EPDK) istinadən xəbər verir.
Bildirilir ki, bu, 2022-ci ilin avqust ayı ilə müqayisədə 32 min 264 ton və ya 24,5 % çoxdur.
Hesabat dövründə Türkiyədə neft emalı zavodları tərəfindən ümumilikdə 647 min 631 tona yaxın reaktiv mühərriklər üçün kerosin yanacağı (aviayanacaq) istehsal edilib ki, bu da 2022-ci ilin avqust ayı ilə müqayisədə 146 min 278 ton və ya 29,2 % çoxdur.
Xatırladaq ki, STAR-ın açılışı 19 oktyabr 2018-ci ildə olub. Zavodun təməli isə 5 oktyabr 2011-ci ildə qoyulub. STAR Türkiyənin ilk Strateji Sərmayə Təşviq Sənədinə sahibdir. 2019-cu ilin sentyabr ayından etibarən zavod tam gücü ilə işləməyə başlayıb.
Zavodun illik xam neft emal gücü 12 milyon tona çatdırılıb. Müəssisədə “Urals”, “Azeri Light” və “Kərkük” neft növlərini emal etmək mümkündür. Əsas məhsullarını dizel yanacağı (4,8 milyon ton), təyyarə yanacağı, nafta (1,6 milyon ton), maye neft qazı, qarışıq ksilol, neft koksu təşkil edir.