“SOCAR Turkiye” konteyner terminalına dair planlarını açıqlayıb

Energetika
  • 30 noyabr, 2021
  • 15:23
“SOCAR Turkiye” konteyner terminalına dair planlarını açıqlayıb

“SOCAR Turkiye” Ege dənizi sahilindəki konteyner terminalına yeni istifadəçiləri cəlb etməklə gəlirlərini ildən-ilə 32 %-dən çox artırmaq mümkün olacağı qənaətindədir.

“Report” xəbər verir ki, bunu “SOCAR Turkey” şirkətinin Baş icraçı direktoru Zaur Qəhrəmanov şirkətin İstanbuldakı ofisində Azərbaycanın mətbuat nümayəndələri ilə görüşündə bildirib.

Onun sözlərinə görə, “SOCAR Terminal”ın illik gəliri 18-19 milyon ABŞ dolları səviyyəsindədir: “Biz bunu 25 milyon ABŞ dollara çatdırmaq istəyirik”.

Şirkətin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mikayıl Yusifov bu məqsədə yeni müştərilər cəlb etməklə, yük dövriyyəsini artırmaqla çata biləcəklərini bildirib.

Qeyd edək ki, “SOCAR Turkiye” sözügedən konteyner terminalını 2018-ci ildə Niderlandın “APM Terminals” şirkətindən satın alıb. Bundan sonra terminalın adı “Petlim” əvəzinə “SOCAR Terminal” qoyulub. 2016-cı ilin 6 dekabr tarixindən fəaliyyətə başlamış “Petlim” terminalı ilkin dövrdəki illik gücü 800 min konteyner olub, ikinci mərhələsi istuifadəyə veriləndən sonra isə 1,5 milyon konteryerə çatdırıldı. Gələcəkdə terminalın gücünün 4 milyon konteynerə çatdırıla biləcəyi bildirilir.