İqtisadi amillər və ticarət məsələləri neft qiymətlərinin sabitliyinə təsir göstərməyə davam edir.
"Report" xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəməsi - "SOCAR Trading"in ticarət üzrə baş direktoru vəzifəsini icra edən Tağı Tağı-zadə İsveçrənin Lozanna şəhərində keçirilən “Financial Times Commodities Global Summit 2025” tədbirində, “Neft: qiymətlər yeni səviyyədə sabitləşəcəkmi?” adlı panel müzakirəsində bildirib.
O qeyd edib ki, bazar iştirakçıları dəyişən iqtisadi və ticarət reallıqlarına uyğunlaşmaq üçün çevik strategiyalar tətbiq etməlidirlər.
Sammitdə 85-dən çox spiker və enerji sektorundan 450 nümayəndə iştirak edir.
2007-ci ilin dekabrında SOCAR-ın marketinq bölməsi kimi təsis edilmiş "SOCAR Trading"in baş ofisi Cenevrədə yerləşir. Şirkətin Londonda, Sinqapurda, Dubayda və Hyustonda nümayəndəlikləri var. "SOCAR Trading" xam neft, neft məhsulları, LNG, təbii qaz və ekoloji məhsulların ticarəti ilə məşğuldur.