SOCAR rəsmisi: "Ümid-Babək" blokunun birgə işlənməsi ilə bağlı xarici şirkətlərlə danışıqlar aparılır"

SOCAR rəsmisi: "Ümid-Babək" blokunun birgə işlənməsi ilə bağlı xarici şirkətlərlə danışıqlar aparılır" Vitali Bəylərbəyov: "Cənub Qaz Dəhlizinin Avropa hissəsi (TAP) 2020-ci ildə istismara veriləcək"
Energetika
19 Fevral , 2018 17:36
SOCAR rəsmisi: Ümid-Babək blokunun birgə işlənməsi ilə bağlı xarici şirkətlərlə danışıqlar aparılır
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) sərmayələr və marketinq üzrə vitse-prezidentinin müavini Vitali Bəylərbəyov / Report

Bakı. 19 fevral. REPORT.AZ/ Bir çox xarici şirkət Xəzərin Azərbaycan sektorunda yerləşən “Ümid-Babək” blokunun Dövlət Neft Şirkəti (SOCAR) ilə birgə işlənməsinə maraq göstərir və həmin şirkətlərlə danışıqlar aparılır.

“Report” xəbər verir ki, bunu SOCAR-ın sərmayələr və marketinq üzrə vitse-prezidentinin müavini Vitali Bəylərbəyov “Reuters” agentliyinə bildirib.

SOCAR rəsmisi həmçinin qeyd edib ki, bu il SOCAR və “Statoil” arasında “Qarabağ” yatağı ilə bağlı saziş imzalana bilər.

Qeyd edək ki, "Ümid" yatağı Bakıdan 75 km cənubda, qurudan isə 40 km məsafədə yerləşir. Yataq 2010-cu ildə kəşf edilib. Bu, SOCAR-ın bilavasitə kəşf etdiyi ilk yataq olub. İlkin hesablamalara görə, yatağın ümumi ehtiyatı 200 mlrd. kubmetr qaz və 40 mln. ton kondensat həcmində qiymətləndirilir.

2017-ci il yanvarın 12-də “Xəzər dənizinin Azərbaycan sektorunda “Ümid” yatağının və “Babək” perspektiv strukturunun daxil olduğu dəniz blokunun kəşfiyyatı və işlənməsi haqqında” SOCAR-la “SOCAR Umid Oil and Gaz Ltd.” şirkəti arasında Risk Xidmət Sazişi və “Xəzər dənizinin Azərbaycan sektorunda “Ümid” yatağı və “Babək” perspektiv strukturunun daxil olduğu blokun kəşfiyyatı və işlənməsi üzrə neft-qaz əməliyyatlarının aparılması haqqında" "SOCAR Umid Oil and Gas Ltd.” şirkəti və “Umid, Babek Exploration & Production” şirkəti arasında müqavilə imzalanıb. Müqavilə mayın 2-də isə Milli Məclisdə təsdiq edilib.

2017-ci il dekabrın 20-də SOCAR və “Statoil” şirkətləri "Qarabağ'' yatağının işlənməsi ilə bağlı risk xidmətləri üzrə perspektivli əməkdaşlığın əsas prinsiplərini razılaşdırıb.

V.Bəylərbəyov Cənub Qaz Dəhlizi layihəsindən də danışaraq qeyd edib ki, bu ilin iyul ayının əvvəlində Türkiyəyə Trans-Anadolu Boru Kəməri (TANAP) ilə ilk kommersiya qazı çatdırılacaq: “İndi deyə bilərik ki, Cənub Qaz Dəhlizinin Avropa hissəsi (TAP) vaxtında - 2020-ci ildə istismara veriləcək”.

Bu ayın əvvəlində Avropa İnvestisiya Bankının (AIB) TAP-a 1,5 mlrd. avro kredit ayırdığını xatırladan V.Bəylərbəyov əlavə edib ki, konsorsium layihə üçün maliyyə axtarmağa davam edəcək.

V.Bəylərbəyov qeyd edib ki, Azərbaycanda “Abşeron”, “Ümid” və “Babək” yataqları, eyni zamanda “Şahdəniz” yatağının növbəti mərhələsi (III) işləndikcə Cənub Qaz Dəhlizi genişləndirilə bilər.

Son xəbərlər

Orphus sistemi