SOCAR-a məxsus terminal gələn il yükdaşıma həcmini iki dəfə artıracaq

Energetika
  • 31 avqust, 2023
  • 07:32
SOCAR-a məxsus terminal gələn il yükdaşıma həcmini iki dəfə artıracaq

Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus Kulevi terminalı 2024-cü ilin sonuna qədər yükdaşıma həcmini iki dəfə artıracaq.

“Report”un məlumatına görə, bu barədə Kulevi terminalının Baş direktoru İlqar Əlizadə “Argus” nəşrinə müsahibsində bildirib.

Onun sözlərinə görə, bununla da Kulevi terminalının yükdaşıma həcmini gələn ilin sonuna illik 4 milyon tona çatdırılması planlaşdırılır.

Kompleksin rəhbərliyi, xüsusilə, Azərbaycan və Gürcüstan ərazisindən dəmir yolu ilə gələn Qazaxıstan, Türkmənistan və Rusiya yüklərin tranzitinin artacağını gözləyir.

Onun sözlərinə görə, terminal müştərilər üçün “açıq qapı” siyasəti yürüdür, yükdaşıma müqavilələrinin bağlanması üçün sadə və asan prosesi təmin edir. O qeyd edib ki, “terminal daşınan yüklərin kəmiyyət və keyfiyyətində itkilərin olmamasını uğurla təmin edir. İtkilərin kəmiyyət baxımından hazırkı statistikası 0,05-0,1 % təşkil edir ki, bu da sənaye üzrə orta göstəricidən xeyli azdır”.

Layihə gücü illik 10 milyon ton olan Kulevi terminalı 2023-cü ilin yanvar-may aylarında neft məhsullarının və neft-kimya yüklərinin daşınmasını ötən ilin müvafiq dövrü ilə müqayisədə 30 % artırıb. Əsasən Azərbaycan neft məhsullarının partiyaları və SOCAR-ın öz müəssisələrində istehsal etdiyi neft-kimya yükləri kompleks vasitəsilə çatdırılır.

Bildirilib ki, Mərkəzi Asiyadan neft məhsullarının həcmi də əhəmiyyətlidir. Belə ki, terminal ayda 40-50 min tona qədər Türkmənistan neft məhsullarının, o cümlədən dizel yanacağı, benzin və mazut və 20-30 min ton Qazaxıstan məhsulunun tranzitini təmin edir.

Terminal SOCAR-ın Gürcüstandakı törəmə müəssisəsi olan “SOCAR Georgia” şirkətinə Gürcüstanın daxili bazarına çatdırılması üçün avtomobil yanacağının (benzin və dizel yanacağı) dəniz daşımalarını da qəbul edir.

Kulevidən Azərbaycan və Türkmənistan neft məhsullarının əsas yükgöndərənləri “SOCAR Trading”, “Maddox”, “Alkagesta” və digər ticarət şirkətləridir. Kulevi vasitəsilə maye yüklərin daşınmasının dəyəri tədarüklərin çeşidindən və həcmindən asılı olaraq orta hesabla hər ton üçün 15-20 ABŞ dolları təşkil edir.

Son xəbərlər

Bütün Xəbər Lenti