Dünyanın digər ölkələri kimi Azərbaycan da “yaşıl enerji”nin ötürülməsi üçün elektrik şəbəkələrinin inkişafı problemi ilə üzləşir.
"Report" xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti Əfqan İsayev Bakı Enerji Forumunda çıxışı zamanı deyib.
“SOCAR Azərbaycanda iqtisadiyyatın karbonsuzlaşdırılması ilə bağlı tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Şirkət də “təmiz enerji”yə keçidlə bağlı layihələr həyata keçirir, lakin biz həm də “yaşıl enerji” mənbəyi kimi çıxış etmək istəyirik. Düzdür, problemlərlə qarşılaşırıq. Bərpa olunan enerji mənbələrinin tətbiqini sürətləndirmək üçün əsas problemlərdən biri enerji sisteminin məhdudiyyətləridir”, - o bildirib.
Ə.İsayev aydınlaşdırıb ki, söhbət ABŞ və Avropa İttifaqı ölkələrində rast gəlinən “yaşıl enerji”nin ötürülməsi üçün elektrik şəbəkələrinin aşağı imkanlarından gedir və Azərbaycan da istisna deyil.
Eyni zamanda qeyd edib ki, bu problemin həlli üçün bir neçə variant var: "Bunlardan birincisi enerjinin saxlanması üçün akkumulyator sistemlərinin quraşdırılmasını nəzərdə tutur. Bununla belə, bu kifayət qədər baha başa gəlir, lakin ümid edirik ki, texnologiyanın inkişafı ilə xərcləri əhəmiyyətli dərəcədə azaltmaq və bu sistemlərin tətbiqini sürətləndirmək mümkün olacaq”.
Onun sözlərinə görə, digər variant kimi əlavə güclərin yaradılması təklif edilir: “Başqa bir seçim, ikisini birləşdirməkdir”.
Bununla belə, Ə.İsayev əlavə edib ki, hökumət və Energetika Nazirliyi hazırda elektrik şəbəkələrinin təkmilləşdirilməsi üçün səylər göstərir ki, bu da “yaşıl enerji”nin qəbulunu və ötürülməsini ümumi enerji sisteminə uyğunlaşdırmağa imkan verəcək.