SOCAR-ın Türkiyədəki zavodu LPG istehsalını təxminən 8 % artırıb
- 28 mart, 2024
- 08:31
Bu ilin yanvar ayında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki aktivi olan STAR Neft Emalı Zavodu (NEZ) 16 min 049 tona yaxın mayeləşdirilmiş neft qazı (LPG) istehsal edib.
Bu barədə “Report” Türkiyənin Enerji Bazarının Tənzimlənməsi Qurumuna (EPDK) istinadən xəbər verir.
Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 1 min 181 ton və ya 7,94 % çoxdur.
Bu ilin yanvar ayında Türkiyədə neft emalı zavodları tərəfindən ümumilikdə 74 min 647 tona yaxın LPG istehsal edilib ki, bu da bir il öncəki göstərici ilə müqayisədə 673 ton və ya 0,91 % çoxdur.
Qeyd edək ki, STAR-ın açılışı 19 oktyabr 2018-ci ildə olub. Zavodun təməli isə 5 oktyabr 2011-ci ildə qoyulub. 2019-cu ilin sentyabr ayından etibarən zavod tam gücü ilə işləməyə başlayıb. Zavod ildə 12 milyon ton xam neft emal gücünə malikdir. Müəssisədə “Urals”, “Azeri Light” və “Kərkük” neft növlərini emal etmək mümkündür. Əsas məhsullarını dizel yanacağı (4,8 milyon ton), təyyarə yanacağı, nafta (1,6 milyon ton), maye neft qazı, qarışıq ksilol, neft koksu təşkil edir.
STAR Türkiyənin ilk Strateji Sərmayə Təşviq Sənədinə sahib olub.