SOCAR bu il daha 5 YDM istifadəyə verəcək
- 05 avqust, 2015
- 08:00
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 5 avqust. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəmə şirkəti olan "SOCAR Petroleum" QSC hazırda Bakı şəhəri ərazisində 4 yeni yanacaqdoldurma məntəqəsinin (YDM) tikintisini həyata keçirir. Şirkətdən "Report"a verilən məlumata görə, ilin sonuna qədər bu YDM-lərin istismara verilməsi nəzərdə tutulur.
"İlin sonuna qədər 4 YDM-in təhvil verilməsi gözlənilir. Bu məntəqələrin biri Ziya Bünyadov prospektində, ikincisi "maşın bazarı" yaxınlığında (Badamdar qəsəbəsi), üçüncüsü Binəqədi-Novxanı şosesində, sonuncusu isə Nobel prospektində istifadəyə veriləcək", - deyə şirkətdən bildirilib.
Yeni YDM-lərin digər bir özəlliyi isə onların tərkibində həm də Sıxılmış Qaz Stansiyalarının (CNG) olmasıdır. Yəni, bu YDM-lərdə nəqliyyat vasitələri ənənəvi yanacaq, həm də sıxılmış qaz doldura biləcək.
"SOCAR Petroleum CNG"dən "Report"a verilən məlumata görə isə ilin sonuna qədər ikinci ixtisaslaşmış CNG stansiyasının təhvil verilməsi planlaşdırılır: "Zabrat qəsəbəsi ərazisində ikinci stansiyada 1 kompressor olacaq və eyni anda 4 avtonəqliyyat vasitəsi qaz doldurmaq imkanı əldə edəcək. Qarşımıza məqsəd qoymuşuq ki, onu ilin sonun qədər təhvil verək".
Qeyd edək ki, Hövsan qəsəbəsində yerləşən "SOCAR Petroleum CNG"yə məxsus ilk CNG stansiyasında 4 kompressor var və eyni anda 15 avtomobil yanacaq doldura bilir.