SOCAR Bolqarıstana qaz ixracına başlayıb

Energetika
  • 07 sentyabr, 2023
  • 08:38
SOCAR Bolqarıstana qaz ixracına başlayıb

Sentyabr ayından Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Bolqarıstana qaz ixracına başlayıb.

“Report” xəbər verir ki, bu barədə Bolqarıstanın “Kapital” nəşri məlumat yayıb.

Nəşr iddia edir ki, Bolqarıstanın 2020-ci ilə qədər Rusiya qazını Türkiyəyə nəql edən köhnə Trans-Balkan Qaz Kəməri yenidən fəaliyyətə başlayıb. Ancaq bu dəfə kəmər əks istiqamətə - Türkiyədən Bolqarıstana doğru qaz nəql edəcək və “Türk axını”nı təkrarlayacaq.

Bu kəmərlə Bolqarıstana hansı qazın daxil olması, kimlərin verdiyi və harada satıldığı barədə rəsmi məlumat yoxdur. Bu kəmərlə nəql edilən təbii qazın həcmləri təsir edicidir. Belə ki, bu kəmərlə Bolqarıstan bazarında orta gündəlik istehlakın təxminən 30 %-i nəql edilməyə başlanılıb.

Lakin “Kapital” qeyd edir ki, vəziyyət başqadır: “Sentyabrın 1-dən SOCAR faktiki olaraq Türkiyənin qaz şəbəkəsindən və Trans-Balkan Qaz Kəmərindən istifadə edərək Bolqarıstan bazarına daxil olub.

Xatırladaq ki, SOCAR Bolqarıstanda fəaliyyət göstərmək üçün lisenziyanı bu il aprelin 25-də, məhz Bolqarıstan prezidenti Rumen Radevin təşəbbüsü ilə Sofiyada Bolqarıstanın “Bulqartransqaz”, Rumıniyanın “Transgaz”, Macarıstanın FGSZ, Slovakiyanın “Eustream” qaz operatorları və SOCAR arasında Anlaşma Memorandumu imzalandığı gün alıb.

Nəşr öz mənbələrinə istinadən yazır ki, SOCAR illik Bolqarıstana 1 milyard kubmetr qaz tədarük edəcəyini təsdiqlənib. Bu da Bolqarıstanın hazırda Azərbaycandan müqavilə əsasında aldığı həcmlə eynidir. Bununla da SOCAR Bolqarıstan bazarında əsas oyunçu olmaq üzrədir. Rusiya neftinin alınmasına qoyulan qadağa qüvvəyə mindiyi zaman qazla yanaşı, SOCAR Bolqarıstana xam neftin tədarükünə də başlaya bilər.

Avropa İttifaqının Qaz Nəqli Sisteminin operatorlarının vahid platformasının (ENTSO-G) məlumatına əsasən, Bolqarıstan və Türkiyə arasında Trans-Balkan qaz kəməri ilə nəql edilən qaz həcmi avqustda iki dəfə artıb. Çox böyük ehtimal ki, bu, kəmər sınaq üçün işə salındığından belə bir göstərici olub.

Nəşr qeyd edir ki, sentyabrın 1-dən Bolqarıstana sutkada 16 000 MVt/saat (1,5 milyon kubmetr) gücündə qazın tədarükünə başlanılacaq. Sentyabrın 3-nə isə həcmlər artıq sutkada 27,8 min MVt/saat təşkil edir ki, bu da 2,6 milyon kubmetrdir. Müqayisə üçün qeyd edək ki, Bolqarıstan gündə orta hesabla 80 000 MVt/saat (7,5 milyon kubmetr) qaz istehlak edir.