SOCAR Asiyada LNG ticarəti üzrə əməliyyatlara başlayır

Energetika
  • 25 yanvar, 2024
  • 15:51
SOCAR Asiyada LNG ticarəti üzrə əməliyyatlara başlayır

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəməsi olan “SOCAR Trading” Asiya bazarında fəal fəaliyyətə başlayır.

“Report” xəbər verir ki, bu barədə “SOCAR Trading”in icraçı direktoru Məryəm Almaszadə “Reuters” agentliyinə açıqlamasında bildirib.

Onun sözlərinə görə, treyder birdəfəlik əməliyyatlardan başqa, Pakistan hökuməti ilə razılığa gəlib ki, ayda bir dəfə LNG partiyasını tədarük etsin: “Birinci partiya ötən ilin dekabrında təhvil verilib. Şirkət həmçinin Sinqapurda LNG ticarəti əməliyyatlarına başlayıb”.

O əlavə edib ki, təbii qazın qiyməti aşağı düşüb və treyder Asiyada LNG-yə tələbatın artacağını gözləyir: “Bununla bağlı istiqamətlərdən biri də Vyetnamdır”.

Xatırladaq ki, hələ 2021-ci ildə “SOCAR Trading” hökumətlərarası saziş çərçivəsində “Pakistan LNG Ltd” (PLL) və “Pakistan State Oil” (PSO) şirkətlərinə kredit əsasında benzin və mayeləşdirilmiş təbii qaz tədarükünü təklif etmişdi.

2023-cü ildə “SOCAR Trading” “ Saxalin-2” layihəsindən azı 1 LNG yükü alıb. Bunu “ImportGenius” ixrac-idxal əməliyyatları vebsaytının məlumatları göstərir. Belə ki, ötən ilin mayın sonunda “Saxalin enerjisi” adlı operator Priqorodnoye limanında “SOCAR Trading”ə LNG şəklində 90 milyon kubmetr təbii qaz göndərib.