Səngəçal terminalından “Şahdəniz” qazının ixracı 3 %-ə yaxın artıb

Energetika
  • 10 may, 2024
  • 09:32
Səngəçal terminalından “Şahdəniz” qazının ixracı 3 %-ə yaxın artıb

Bu ilin yanvar-mart aylarında Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar bloku və “Şahdəniz” yatağından sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına təqribən 55 milyon bareldən çox neft və kondensat ixrac edilib.

“Report” xəbər verir ki, bu barədə “BP-Azerbaijan” şirkətinin tərəfdaşları ilə birgə 2024-cü ilin I rübünün yekunları ilə bağlı yaydığı hesabatda qeyd edilib.

Bu, 2023-cü ilin birinci rübünün göstəriciləri ilə müqayisədə 1 milyon barel və ya 1,78 % azdır.

Bu həcmlər Bakı-Tbilisi-Ceyhan (BTC) vasitəsilə ixrac edilib ki, bu da bi il öncəki göstərici ilə eynidir.

Səngəçal terminalından həmçinin gündəlik orta hesabla 75 milyon kubmetrdən çox (təqribən 2 milyard 660 milyon kubfutdan çox) “Şahdəniz” qazı ixrac edilib. Bu da 2023-cü ilin yanvar-mart ayları ilə müqayisədə 2 milyon kubmetr və ya 2,74 % çoxdur.

Qeyd edək ki, terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 milyon barel neft və “Şahdəniz” qazı üçün təqribən 81 milyon standart kubmetrdir. Ümumi qaz emalı və ixrac gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 100 milyon standart kubmetrdir.

Qaz terminaldan əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK), Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi sistemi və terminalın qaz emalı obyektlərini "Azəriqaz"ın qazpaylama sistemi ilə birləşdirən SOCAR-a məxsus qaz kəməri ilə ixrac olunur.

Son xəbərlər

Bütün Xəbər Lenti