Səfir: "Azərbaycan Meksika ilə enerji keçidi sahəsində əməkdaşlığa hazırdır"
- 19 iyun, 2025
- 12:26
Azərbaycan Meksika ilə "yaşıl enerji" və enerji keçidi məsələlərində əməkdaşlığa açıqdır.
“Report” xəbər verir ki, bunu Azərbaycanın Meksikadakı səfiri Məmməd Talıbov “Canal6” telekanalına müsahibəsində bildirib.
Diplomat vurğulayıb ki, Azərbaycan regionda ekoloji cəhətdən təmiz enerjiyə keçid və davamlı inkişaf sahəsində lider mövqe tutur: "Bu səbəbdən ölkəmiz iqlim dəyişikliyi ilə mübarizədə qlobal səyləri fəal şəkildə dəstəkləyir".
Onun sözlərinə görə, Azərbaycan artıq Avropaya "yaşıl enerji" ixrac edir və bərpa olunan enerji mənbələri (xüsusilə günəş və külək enerjisi) sahəsində böyük potensiala malikdir.
"Təkcə külək enerjisinin potensialı 146 giqavatt həcmində qiymətləndirilir - bu, böyük rəqəmdir. Biz müxtəlif ölkələrlə əməkdaşlıq çərçivəsində çoxsaylı layihələr həyata keçiririk. Hələlik Meksika ilə birgə təşəbbüslərimiz yoxdur, lakin bu istiqamətdə fəal işləyirik. Şübhəsiz ki, Azərbaycan meksikalı tərəfdaşları ilə "yaşıl enerji" və enerji keçidi sahəsində əməkdaşlığa hazırdır", - M.Talıbov bildirib.