Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Bakı-Supsa neft kəmərindən istifadə imkanlarını tərəfdaşlarla birgə qiymətləndirir.
“Report” xəbər verir ki, bu barədə “SOCAR Midstream Operations”un biznesin inkişafı bölməsinin rəhbəri Rüfət Qəmbərov Bakıda keçirilən “Xəzər və Mərkəzi Asiya Neft Ticarəti və Nəqliyyatı Forumu”nda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, hazırda Bakı-Supsa neft kəməri vasitəsilə nəql prosesi dayandırılıb:
“Bir vaxtlar “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan hasil edilən neft bu marşrutla nəql olunurdu. Hazırda kəmər üzrə əməliyyatlar dayandırılıb. Lakin onun ötürücülük gücü gündəlik 100 min bareldən bir qədər çoxdur və bu, region üçün strateji əhəmiyyət daşıyan dayanıqlı infrastruktur sayılır”.
R. Qəmbərov əlavə edib ki, Bakı-Supsa kəməri gələcəkdə neft istehsalı və ticarətində aktiv iştirak edən ticarətçilər, daşıyıcı şirkətlər və tərəfdaşlar üçün cəlbedici imkanlar təklif edə bilər: “SOCAR isə bu potensialdan istifadə yollarını müvafiq tərəfdaşlarla birlikdə araşdırır”.