ABŞ tarixində üçüncü dəfə Amerika Kubokuna ev sahibliyi edəcək
- 24 noyabr, 2026
- 21:50
Yeniliklərdən dərhal xəbərdar olun!
CONMEBOL və CONCACAF 2028-ci ildə keçiriləcək Amerika Kubokunun (Copa América) ABŞ-də təşkil olunacağını rəsmən təsdiqləyib.
"Report" xəbər verir ki, 49-cu dəfə keçiriləcək turnir 2028-ci il iyunun 9-dan iyulun 9-dək davam edəcək.
Bununla da ABŞ tarixində üçüncü dəfə Amerika Kubokuna ev sahibliyi edəcək. Ölkə daha əvvəl 2016 və 2024-cü illərdə də turniri qəbul edib.
Yarışın formatı əvvəlki kimi qalacaq. Turnirdə 16 milli komanda mübarizə aparacaq. Onlardan 10-u CONMEBOL-u, 6-sı isə CONCACAF-ı təmsil edəcək. Cənubi Amerika yığmaları final mərhələsinə birbaşa vəsiqə qazanacaq. CONCACAF zonasından iştirak edəcək 6 komandanın adı isə 2027-ci ildə keçiriləcək Qızıl Kubokun (Gold Cup) nəticələrinə əsasən müəyyənləşəcək. Həmin turnirin iyunun 17-dən iyulun 11-dək təşkili planlaşdırılır.
Amerika Kubokunun keçiriləcəyi şəhərlər, stadionlar və oyunların təqvimi barədə məlumatın növbəti mərhələdə açıqlanacağı bildirilib.
ABŞ-nin ev sahibi seçilməsində kommersiya maraqlarının əsas amillərdən biri olduğu qeyd edilir. 2024-cü ildə ölkədə təşkil olunan Amerika Kubokunun oyunlarını stadionlardan ümumilikdə 1,5 milyondan çox azarkeş izləyib. Bu göstərici Şimali Amerika bazarında böyük futbol turnirlərinə olan marağın yüksəkliyini nümayiş etdirib.
Beləliklə, 2028-ci il Amerika Kuboku ardıcıl ikinci dəfə Cənubi Amerikadan kənarda keçiriləcək. Qitədə təşkil olunan son turnir 2021-ci ildə Braziliyada baş tutub.