İlk xəbər saat 14:07-də verilib
Bakı. 7 dekabr. REPORT.AZ/ Qazaxıstanın enerji resurslarının Azərbaycan üzərindən tranziti məsələsinin araşdırılması ilə bağlı işçi qrupunun yaradılmasına dair tərəflər arasında qərar qəbul olunub.
"Report" xəbər verir ki, bunu bu gün Bakıda Azərbaycan-Qazaxıstan Ticarət-iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının XIV iclasından sonra keçirilən brifinqdə Azərbaycanın energetika naziri Pərviz Şahbazov bildirib.
“Enerji sahəsində Qazaxıstanla Azərbaycanın hər zaman əməkdaşlığı olub və bundan sonra da bu məsələləri nəzərdən keçirməyə hazırıq. Energetika sahəsində ən başlıca əməkdaşlıq Qazaxıstanın enerji resurslarının Azərbaycan üzərindən tranziti məsələləridir. Bununla bağlı işçi qrupunun yaradılması barədə qərara gəlmişik. Bu istiqamətdə intensiv çalışmaq niyyətindəyik”, - deyə nazir əlavə edib.
***
Bakıda səfərdə olan Qazaxıstanın energetika naziri Kanat Bozumbayev bildirib ki, Qazaxıstan nefti və qazının Azərbaycan ərazisindən tranziti məsələsi ilə bağlı iki işçi qrupunun yaradılması nəzərdə tutulub. Onun sözlərinə görə, birinci işçi qrupu Qazaxıstan neftinin Azərbaycan ərazisindən tranziti məsələsi ilə bağlıdır. Nazir bildirib ki, bu işçi qrupu Qazaxıstan neftinin qəbulu üçün Azərbaycanın neft kəmərləri və yükaşırma imkanlarını və bu marşrutun rəqabətqabiliyyətliliyini öyrənməlidir.
“Keçən il Qazaxıstanın “Kaşaqan” yatağından hasilata başlanılıb. Hazırda bu yataqdan gündəlik 250 min barel neft hasil olunur. Gələn il yataqdan neft hasilatı 1,5 dəfə artacaq. Bundan başqa, “Tengiz” yatağının genişləndirilməsi ilə bağlı işlər aparılır. Genişləndirmə işləri bu yataqdan illik hasilatın 12 mln. ton artırılmasına imkan verəcək. Bu yataqdan 2-3 il sonra ildə 39-40 mln. ton hasilat nəzərdə tutulur. Hazırda Qazaxıstan neftinin əsas nəql marşrutu Xəzər Boru Kəməri Konsorsiumudur. Onun ötürücülük gücü Qazaxıstan üçün 53-54 mln. ton təşkil edir”, - deyə nazir xatırladıb.
Qazaxıstanın energetika naziri qeyd edib ki, iki yataqda hasilatın artımı və digər yataqlarda hasilatla əlaqədar 3-4 ildən sonra əlavə həcmlərin dünya bazarına çıxarılması imkanları yaranacaq. O bildirib ki, buna görə də Qazaxıstan Azərbaycandan neft tranzitinə çox perspektivli baxır: “İşçi qrupu çərçivəsində çalışmalıyıq ki, bu marşrut digər marşrutlarla müqayisədə daha rəqabətqabilyətli olsun. Əgər neftin bu istiqamətdə nəqlini istəyiriksə, 1-1,5 il müddətində tarif və digər məsələləri həll etməliyik”.
K.Bozumbayev digər işçi qrupu barədə də məlumat verərək qeyd edib ki, Qazaxıstanda səmt qazı hasilatının həcmi artır və Azərbaycana da alternativ marşrutlardan biri kimi baxılır.
Nazir bildirib ki, variantlardan biri olaraq Qazaxıstanın qərbində LNG zavodunun inşası və onun məhsulunun Azərbaycan ərazisindən dünya bazarına ixracı nəzərdə tutulur: “Bununla bağlı iki ölkə müvafiq Nazirlik və qurumlarının iştirakı ilə işçi qrupunun yaradılması barədə razılığa gəlinib. Bu işçi qrupu yaxın bir neçə ay ərzində bu layihə ilə bağlı araşdırma aparacaq”.
Qonaq əlavə edib ki, Qazaxıstanda bu il 50 mlrd. kubmetrdən çox səmt qazı hasil edilib: “Hər il hasilat artır. Bu il tarixdə ilk dəfə Çinə qaz ixracına başladıq. İlkin olaraq gələn il 5 mlrd. kubmetr qaz ixracını nəzərdə tuturuq. Bundan başqa, qaz nəqli ilə bağlı Rusiyanın “Qazprom” şirkəti ilə də əməkdaşlıq edilir”.