Qazaxıstanın Energetika Nazirliyi: BTC Astana üçün prioritet olaraq qalır
- 14 avqust, 2025
- 14:35
Hazırda Qazaxıstan yükgöndərənləri Bakı-Tbilisi-Ceyhan (BTC) neft boru kəmərinə daha çox üstünlük verir, lakin Qazaxıstandan neftin qərbə doğru Bakı-Supsa boru kəməri ilə dünya bazarlarına çatdırılması məsələsi potensial layihələr portfelində qalır.
Bu barədə “Report”un Qazaxıstan bürosuna Qazaxıstan Energetika Nazirliyindən məlumat verilib.
Qurumdan bildirilib ki, yeni tranzit marşrutlarının işlənməsi ətraflı təhlil və balanslaşdırılmış qərarlar tələb edən mürəkkəb, çoxşaxəli prosesdir.
“İlk növbədə, söhbət ölkənin uzunmüddətli enerji təhlükəsizliyindən və sabit ixrac gəlirlərinin təmin edilməsindən gedir. Hazırda kommersiya şəraitinin hərtərəfli qiymətləndirilməsi əsasında BTC marşrutu Qazaxıstan yükgöndərənləri üçün daha uyğundur. Əsas amil onun Aralıq dənizinə birbaşa çıxışının olmasıdır ki, bu da Türkiyə boğazlarından keçid və yüklərin yenidən boşaldılıb yığılması ilə bağlı logistik xərcləri azaltmağa imkan verir”, - nazirlikdən vurğulanıb.
Beləliklə, qurum nümayəndələrinin sözlərinə görə, marşrut seçərkən əsas diqqət infrastrukturun vəziyyəti və ya limanın imkanları kimi fərdi texniki aspektlərə deyil, bütün marşrutun ümumi iqtisadi səmərəliliyinə yönəldilir.
“İndiki mərhələdə BTC marşrutunun səmərəliliyi daha yüksəkdir. Eyni zamanda, Bakı-Supsa marşrutu mühüm strateji istiqamət kimi potensial layihələr portfelində qalır. Uzunmüddətli perspektivdə ixracın həcmi artdıqca və əlverişli kommersiya şəraiti yarandıqca, bu marşrutdan tədarükün daha da şaxələndirilməsi üçün istifadə oluna bilər”, - nazirlikdən vurğulanıb.
Qurumdan əlavə edilib ki, qərb boru kəməri ilə daşımaların konkret həcmləri məsələsi birbaşa onun kommersiya cəlbediciliyi ilə bağlı olacaq.
“Layihənin iqtisadi göstəriciləri fəaliyyətdə olan marşrutlarla müqayisədə rəqabətədavamlı olduqdan sonra müvafiq tədarük həcmləri müəyyən ediləcək”, - nazirlikdən bildirilib.
Xatırladaq ki, 2022-ci ildə “KazMunayGaz” KMG və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) arasında Qazaxıstan neftinin tranziti üzrə baş saziş imzalanıb. 2023-cü ilin mart ayında “Kaşağan” yatağından sınaq göndərmə kimi Azərbaycan ərazisindən 7 min ton neftin nəqli həyata keçirilib.
2024-cü ilin martında KMG və SOCAR arasında Azərbaycan ərazisindən neft tranzitinin mərhələli şəkildə artırılması haqqında saziş imzalanıb. Sənədə əsasən, tədarük həcminin ildə 2,2 milyon tona çatdırılması planlaşdırılır.
2023-cü ildə təxminən 1,1 milyon ton, 2024-cü ildə isə 1,4 milyon ton Qazaxıstan nefti Aktau limanından BTC ilə sonrakı ixrac üçün Azərbaycan istiqamətində daşınıb. 2025-ci ildə BTC vasitəsilə neft ixracı 1,7 milyon ton səviyyəsində planlaşdırılır.