Qazaxıstan neftinin Azərbaycan vasitəsilə ixracına dair müzakirələr aparılacaq

Energetika
  • 24 iyun, 2024
  • 07:49
Qazaxıstan neftinin Azərbaycan vasitəsilə ixracına dair müzakirələr aparılacaq

İyulun 4-5-də Batumidə Qazaxıstan neftinin və Türkmənistan neft məhsullarının Azərbaycan vasitəsilə Gürcüstana ixracı məsələləri müzakirə olunacaq.

“Report” xəbər verir ki, bu barədə görüşün təşkilatçısı olan “Confidence Information Services” şirkəti məlumat yayıb.

“Executive Retreat” (“qalstuksuz görüş”) tədbiri artıq üçüncü ildir ki, Batumidə keçirilir və bu, əlaqələrin qurulması üçün yaxşı platformadır. Tədbirdə bu sahənin 200-dən çox nümayəndəsinin iştirakı gözlənilir. Görüşün məqsədi bazar iştirakçılarını yükdaşıma bazarının xüsusiyyətləri və tendensiyaları ilə tanış etməkdir”, - məlumatda qeyd edilib.

Bildirilib ki, iyul görüşündə iştirakçılar Transxəzər marşrutunun xüsusiyyətlərini və hazırkı geosiyasi şəraitdə Gürcüstan terminallarının fəaliyyətini müzakirə edəcəklər. Üstəlik, Qara dəniz-Aralıq dənizi regionunda neft və neft məhsulları bazarlarında vəziyyət, Qazaxıstan neftinin Transxəzər vasitəsilə tranziti, o cümlədən Türkmənistandan Gürcüstana neft məhsullarının Azərbaycandan keçməklə ixracı müzakirə olunacaq.

Tədbirdə Azərbaycanın emal imkanları, Qazaxıstan, Azərbaycan və Türkmənistan yüklərinin qəbulu, daşınması infrastrukturu ayrıca müzakirə olunacaq. Eyni zamanda, Xəzər gəmi fraxtı və yükdaşıma tarifləri üzrə proqnozlar, Türkmənbaşı, Aktau limanlarının və Azərbaycanın neft terminallarının imkanlarının müzakirəsi planlaşdırılır.

Görüş çərçivəsində iyulun 5-də Kulevi terminalına texniki səfər də nəzərdə tutulub.