“Qarabağ” layihəsinin dəniz əməliyyatlarına hazırlıq plan üzrə gedir

“Qarabağ” layihəsinin dəniz əməliyyatlarına hazırlıq plan üzrə gedir “Qarabağ” layihəsinin dəniz əməliyyatlarında 26 gəmi iştirak edəcək.
Energetika
4 Sentyabr , 2020 10:14
“Qarabağ” layihəsinin dəniz əməliyyatlarına hazırlıq plan üzrə gedir
0 : 00
0 : 00

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Qarabağ” layihəsi çərçivəsində eyniadlı dayaq blokunun dənizə yola salınması və yataqda quraşdırılması ilə əlaqədar işlər plan üzrə davam edir.

“Report”un məlumatına görə, bu ilin avqustun 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə “Qarabağ” layihəsinin dəniz əməliyyatlarının həyata keçirilməsinə start verilib.

Dəniz əməliyyatlarının həyata keçirilməsi üzrə işlər eyni zamanda bir neçə iri şirkət və təşkilat tərəfindən icra olunur. Bu fəaliyyətlərə layihənin mühəndis hesabatlarına, parametrlərin işlənilməsinə və hesablanmasına cavabdeh olan SOCAR-ın "Neftqazelmitədqiqatlayihə" İnstitutu, dayaq blokunun dənizə nəql edilməsinə və yataqda quraşdırılmasına cavabdeh olan “Neftqaztikinti” tresti, “Qarabağ” dayaq blokunu hazırlamış “BOS Şelf” şirkəti, dəniz əməliyyatları üçün donanmanı təmin edən “ASCO” şirkəti, donanma və zəruri avadanlığın beynəlxalq standartlara uyğunluğuna nəzarəti həyata keçirən və həmçinin onların sertifikatlaşdırılmasına cavabdeh olan “Global Maritime” şirkəti və bilavasitə layihənin sifarişçisi “QƏŞ” – yəni Qarabağ Əməliyyat Şirkəti cəlb olunub.

“Qarabağ” layihəsi çərçivəsində dəniz əməliyyatları – bir sıra elmi və istehsalat strukturlarının, iri həcmli donanmanın, onlarla yerli və beynəlxalq podratçının, yüzlərlə yüksək ixtisaslı mütəxəssisin və xüsusi texniki avadanlığın iştirakını nəzərdə tutan mürəkkəb və çoxfunksiyalı prosesdir.

Dayaq blokunun dənizə nəqli və yataqda quraşdırılması işləri üçün 26 gəmidən ibarət donanma, o cümlədən, “Azərbaycan” kran gəmisi (DBA) və STB1 barjası cəlb ediləcək.

Xatırladaq ki, Xəzər dənizində həyata keçirilmiş neft-qaz əməliyyatlar tarixində hasilat üçün ən nəhəng sualtı dayaq bloku olan “Qarabağ” dayaq blokunun hazırlanması işləri iki il ərzində davam etdirilib və 2020-ci ilin avqustunda tamamlanıb. 187 metr hündürlüyü və 16 302 ton ağırlığı olan konstruksiya “Qarabağ” dəniz yatağında suyun 182 metr dərinliyində quraşdırılacaq. Layihə üzərində iş zamanı “BOS Şelf” şirkəti sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi qaydalarına tam uyğun olaraq 3,2 milyon təhlükəsiz adam-saat göstəricisinə nail olmuşdur. Layihəyə cəlb edilmiş insan resurslarının 95%-ni yerli kadrlar təşkil edib.

Son xəbərlər

Orphus sistemi