Azərbaycan və Böyük Britaniya arasında enerji sektorunda uzunmüddətli və məhsuldar əməkdaşlıq qlobal enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır.
“Report” xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov Bakıda Böyük Britaniya kralı III Çarlzın rəsmi ad günü münasibətilə keçirilən tədbirdə deyib.
Nazir xatırladıb ki, Bakı ilə London arasında bu əməkdaşlıq 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması ilə başlayıb.
“Azərbaycan və Böyük Britaniyanın “yaşıl” enerjiyə keçidlə bağlı birgə fəaliyyəti bizə qeyri-neft sektorunda və ticari-iqtisadi əməkdaşlığın digər sahələrində gələcək əməkdaşlığımızı şaxələndirməyə imkan verir”, - deyə P. Şahbazov qeyd edib və əlavə edib ki, ilin ilk rübündə ölkələr arasında olan ticarət dövriyyəsindəki artım 16 % təşkil edib.
P.Şahbazov onu da bildirib ki, Azərbaycana 35,9 milyard ABŞ dolları sərmayə qoyan Böyük Britaniya ən böyük investordur.