"Səudiyyə Ərəbistanın neft obyektlərinə hücumlar ciddi hadisə olmasına baxmayaraq onun neft bazarına təsiri o qədər də böyük deyil".
"Report" xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasında (YAP) keçirilən mətbuat konfransında Energetika naziri Pərviz Şahbazov Səudiyyə Ərəbistanın neft obyektlərinə edilən hücumların neft bazarına təsirini şərh edərkən bildirib.
“Son zamanlar beynəlxalq neft bazarında neftin qiyməti çox həssas olub. Gördüyünüz kimi, dünya miqyasında baş verən çox müxtəlif hadisələr, bir çox hallarda isə neft sənayesinə aidiyyatı olmayan məsələlər neftin qiymətinə bu və ya digər şəkildə təsir göstərməkdədir. Bu cür hadisələr nəticəsində neftin qiymətinin qalxması və qısa müddət ərzində enməsi, yaxud qiymətin qısa müddətdə enib yenidən qalxması bütün bunlara baxmayaraq yenə sabit qalması ondan xəbər verir ki, hazırda beynəlxalq neft bazarında əsas iqtisadi tandemlər dəyişmədən olduğu kimi qalır və bu cür hadisələr neft qiymətinin sadəcə kiçik məbləğdə dəyişməsinə qısa müddətli effektlə təsir göstərir. Sözsüz ki, bu məsələdə OPEC+ formatı haqqında bir çox sözlər demək olar. Bu format öz vəzifələrini yerinə yetirməkdədir”.
Nazir qeyd edib ki, araşdırmalara görə, Səudiyyə Ərəbistanında baş verən hadisələr nəticəsində gündəlik hasilatın 5,7 mln. barel azalması neft sənayesinin tarixində ən böyük azalmadır. P. Şahbazov bildirib ki, amma Səudiyyə Ərəbistanın nümayəndələrinin aparılan işlər nəticəsində itirilən neft həcmlərinin ayın sonuna doğru bərpa ediləcəyi haqqında verdiyi bəyanatlara əsasən neftin qiyməti sabit qalır: “Səudiyyə neftinin istehlakçıları da heç bir həyəcan keçirmir. Görünür bu gün Səudiyyə Ərəbistanın neft ehtiyatları onlara kifayət edir. Ona görə bu hadisənin də neft bazarına təsiri o qədər də böyük deyil”,- nazir bildirib.