Azərbaycanda yaxın perspektivdə elektrik enerjisi tariflərinin sərbəstləşdirilməsi nəzərdə tutulmur və qiymətlər tənzimlənəcək.
“Report” xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında - "Elektroenergetika haqqında" qanun layihəsinin III oxunuşu zamanı bildirib.
“Deputatların daha çox tariflərlə bağlı sual verdiklərini nəzərə alaraq bildirmək istərdim ki, qanunun qəbulu qiymətlərin artması anlamına gəlməməlidir. Bazar modeli tam fəaliyyətə başladıqdan sonra isə ötürmə və paylama fəaliyyəti dövlət inhisarında qaldığı üçün tariflər tənzimlənəcək, rəqabət mühiti və bazarda ucuz qiymət təklif edən istehsalçıların üstün mövqedə olması isə topdansatış qiymətlərinin və nəticədə pərakəndə satış qiymətlərinin artmasına imkan verməyəcək", - deyə o qeyd edib.
Bundan başqa, nazir bildirib ki, uzaq perspektivdə qiymətlər sərbəstləşsə belə, təqdim edilmiş qanun layihəsində sərbəst olmayan istehlakçı qrupları üçün tarifləri dövlətin tənzimləməsi nəzərdə tutulur.