Ötən il Azərbaycan benzin istehsalını 13 %-dən çox artırıb
- 17 yanvar, 2024
- 10:01
2023-cü ildə Azərbaycanda 1 milyon 464,2 min ton həcmində avtomobil benzini istehsal edilib.
“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu göstərici 2022-ci ilin göstəriciləri ilə müqayisədə 13,4 % çoxdur.
Ötən il ölkədə 2 milyon 311,2 min ton dizel yanacağı istehsal edilib ki, bu da 2022-ci ilin göstəriciləri ilə müqayisədə 12,3 % çoxdur.
Ümumilikdə, 2023-cü ildə Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 4 milyard 526,8 milyon manat təşkil edib. Bu, ötən 2022-ci ilin göstəriciləri ilə müqayisədə 7,3 % çoxdur.
Hesabat dövründə 59,1 min ton sürtkü yağları, 277,7 min ton neft bitumu istehsal edilib. Ötən il ərzində Azərbaycanda sürtkü yağlarının istehsalı 31,6 %, artıb, neft bitumunun istehsalı isə 19,1 % azalıb.
Həmçinin, 2023-cü il ərzində ölkədə 236,4 min ton maye qazlar, 594,4 min ton ağ neft, 5,7 min ton mazut, 231,6 min ton neft koksu istehsal edilib.
Son bir ildə Azərbaycanda maye qazların istehsalı 3,2 %, mazutun istehsalı 92,7 % azalıb.
Bu müddət ərzində ölkədə ağ neftin istehsalı 4,1 %, neft koksunun istehsalı 10 %, artıb.
Qeyd edək ki, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adınna Neft Emalı Zavodu regionumuzun yeganə neft emalı müəssisəsi olaraq, Azərbaycanın Ai-92, dizel və təyyarə yanacağı kimi yanacaq məhsulları ilə təmin etməklə yanaşı, SOCAR-ın Azərbaycandakı neft-kimya müəssisələrini də xammal ilə təchiz edir. Zavodda istehsal edilən məhsulun bir qismi isə ixrac olunur. NEZ-in istehsal gücünün artırılması, ölkənin "Avro-5" standartına uyğun olan yüksək keyfiyyətli yanacaqla təmin edilməsi, “Azərikimya” İB-nin sabit xammal təchizatı və neft məhsullarının ixrac potensialının yüksəldilməsi məqsədi ilə həyata keçirilən modernizasiya və yenidənqurma işləri ölkə sənayesi üçün mühüm əhəmiyyət daşıyır.