Bakı. 23 dekabr. REPORT.AZ/ Dünya bazarında neftin qiyməti 2015-ci ilin sonuna qədər 70-80 ABŞ dolları/barel səviyyəsinə kimi yüksələcək. "Report" xəbər verir ki, bu barədə "Reuters"ə OPEC-dəki mənbələrdən bildirilib. Mənbənin sözlərinə görə, bu, neftə olan tələbatın artması və OPEC üzvü olan bəzi Körfəz ölkərindəki hasilatın bu tələbə cavab verə bilməməsi ilə bağlıdır.
Bununla yanaşı, mənbə 1 barel üçün 100 dollarlıq səviyyənin ədalətli qiymət olacağını deyib və bu, gələn il üçün bir ehtimal kimi istisna edilmir.
Digər tərəfdən, ABŞ-ın artıq şist yataqlarında hasilata başlaması neftə marağın azalmasına səbəb ola bilər.
"Qiymətin daha da ucuzlaşması mümkün deyil. Bir barel neftin qiyməti maksimum 60 dollara kimi, hətta bir neçə dollar da ucuzlaşa bilər. Amma orta qiymət 80 dollar civarında olacaq. Təxmini hesablamalara görə, buna 8 ay vaxt lazımdır", - OPEC-dən bildirilib.
Təşkilatdakı mənbə neftin bir barelinin qiymətinin 100 dollara kimi qalxmasının şərtlərini də açıqlayıb: "Düşünmürük ki, bu gedişlə neftin qiyməti 100 dollar olsun. Bu o halda ola bilər ki, hansısa ölkə təchizatı dayandırsın. Amma ümumən orta qiymət 70-80 dollar arasında dəyişəcək".