Neftin qiyməti son 13 ayda maksimuma çatıb

Neftin qiyməti son 13 ayda maksimuma çatıb “Brent” markalı neftin aprel fyuçerslərinin qiyməti bir barel üçün 63,63 ABŞ dolları (+1,92%) təşkil edib
Energetika
15 Fevral , 2021 14:18
Neftin qiyməti son 13 ayda maksimuma çatıb

Neftin qiyməti, təxminən, son 13 ayda ən yüksək səviyyəyə qalxıb.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, “Brent” markalı neftin aprel fyuçerslərinin qiyməti bir barel üçün 63,63 ABŞ dolları (+1,92%) təşkil edib. Eyni zamanda, sessiyanın ən yüksək qiyməti 63,76 dollar/barel olub ki, bu da 2020-ci il yanvarın 22-dən bəri ən yüksək göstəricidir.

WTI markalı neftin mart fyuçerslərinin qiyməti isə bir barel üçün 60,85 ABŞ dolları (+2,32%) olub. Səhər ticarəti zamanı Qərbi Texas etalon qarışığı 60,95 dollar/barelə yüksəlib ki, bu da keçən il yanvarın 8-dən bəri ən yüksək göstəricidir.

Ötən həftənin yekunlarını ümumiləşdirsək, qlobal neft qiymətləri təqribən 5% artıb.

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi Yəməndəki hərbi koalisiya fevralın 14-də gecə saatlarında bomba yüklü pilotsuz uçan aparat ələ keçirərək məhv etdiyini açıqlayıb. Dövlət televiziyası PUA-nın İranla əlaqəli husilər tərəfindən krallıq ərazisinə doğru buraxıldığını bildirib. Bu, Yaxın Şərqdə növbəti dəfə gərginliyin artması ilə bağlı narahatlıqları çoxaldıb.

“Bu xəbərlər neft bazarlarında səhər satışlarında artıma səbəb olub. Lakin bu proses həmçinin ABŞ-ın iqtisadi stimullaşdırıcı tədbirlərinin və karantin məhdudiyyətlərinin zəifləməsinin iqtisadiyyatı və yanacağa tələbatı gücləndirəcəyinə dair ümidlərin artması ilə bağlıdır”, - “Fujitomi Co.” əmtəə brokerinin baş analitiki Kadzuhiko Saito deyib.

O əlavə edib ki, WTI markalı neftin 60 dollar/barel səviyyəyə çatdıqdan sonra mənfəət götürülməsi səbəbindən endirilə bilər.

Son həftələrdə neftin qiyməti həm də əsasən OPEC ölkələrinin və kartelin müttəfiqləri olan, OPEC+ kimi tanınan qrupun üzvlərinin tədarükləri azaltması səbəbindən artıb.

“Bundan əlavə, güclü qlobal səhm bazarları investorların risk iştahını artırıb”, - “Rakuten Securities”in analitiki Satoru Yosida deyib.

Koronavirus peyvəndinin qlobal miqyasda uğurlu tətbiqi Vaşinqtondan yeni yardımlar fonunda sürətli iqtisadi bərpa ümidlərini artırdığından Asiya səhmləri fevralın 15-də rekord həddə yüksəlib.

“Dünyada pul-kredit siyasətinin yumşaldılması, sürətli peyvəndləmə və OPEC+ ilə ABŞ-ın şist neft istehsalçılarının məhdud tədarükü fonunda xammal qiymətləri bir barel üçün 70 ABŞ dollarına yaxınlaşa bilər”, - S.Yosida söyləyib.

Son xəbərlər

Orphus sistemi