Nazir: “TAP ilə Avropaya 45 milyard kubmetrdən çox Azərbaycan qazı tədarük edilib” - YENİLƏNİB

Nazir: “TAP ilə Avropaya 45 milyard kubmetrdən çox Azərbaycan qazı tədarük edilib” - YENİLƏNİB İndiyə qədər Trans-Adriatik Qaz Boru Kəməri (TAP) vasitəsilə Avropaya 45 milyard kubmetrdən çox Azərbaycan qazı tədarük edilib.
Energetika
3 aprel 2025 12:50
Nazir: “TAP ilə Avropaya 45 milyard kubmetrdən çox Azərbaycan qazı tədarük edilib” - YENİLƏNİB

İndiyə qədər Trans-Adriatik Boru Kəməri (TAP) ilə Avropaya ümumilikdə 45 milyard kubmetrdən çox qaz tədarük edilib.

“Report” Energetika Nazirliyinə istinadən xəbər verir ki, bu barədə Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərin 11-ci iclası və Yaşıl Enerji Məşvərət Şurası nazirlərin 3-cü iclası çərçivəsində energetika naziri Pərviz Şahbazov TAP-ın icraçı direktoru Luka Skepatti ilə görüşündə bildirilib.

Görüşdə etibarlı enerji təchizatında təbii qazın və infrastrukturların inkişafının əhəmiyyəti, TAP layihəsinin genişləndirilməsi prosesinin cari vəziyyəti nəzərdən keçirilib.

Cənub Qaz Dəhlizinin, o cümlədən TAP-ın enerji təhlükəsizliyinin təminatında strateji rolu yüksək qiymətləndirilib. Bildirilib ki, TAP qaza olan tələbatın İtaliyada 15 %-ni, Yunanıstanda isə 18 %-ni təmin edir.

Söhbət zamanı 2026-cı ildən etibarən kəmərin 1,2 milyard kubmetr genişləndirilməsindən sonra növbəti nəzərdə tutulan addımlar, həmçinin metan emissiyalarının azaldılması ilə bağlı müzakirələr aparılıb.

11:52

İndiyə qədər Trans-Adriatik Qaz Boru Kəməri (TAP) vasitəsilə Avropaya 45 milyard kubmetrdən çox Azərbaycan qazı tədarük edilib.

"Report" xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Nazir qeyd edib ki, TAP-ın icraçı direktoru Luka Skieppati ilə sərfəli, etibarlı və dayanıqlı enerji təchizatında Cənub Qaz Dəhlizinin strateji rolu, TAP boru kəmərinin genişləndirilməsi, eləcə də metan emissiyalarının azaldılması məsələləri müzakirə edilib.

Xatırladaq ki, 2021-ci ildə aparılan bazar sınaqlarının nəticələrinə əsasən, TAP-ın səhmdarları 2026-cı il yanvarın 1-dək boru kəmərinin illik ötürücülük gücünü 10 milyard kubmetrdən əlavə olaraq 1,2 milyard kubmetr artırmaq öhdəliyi götürüblər.

Daha əvvəl TAP AG-nin icraçı direktoru “Report”a müsahibəsində bildirmişdi ki, bu genişləndirmə layihəsinin ilk mərhələsi TAP-ın öz vəsaiti hesabına maliyyələşdirilir və onun büdcəsi təxminən 132 milyon avrodur. Layihə çərçivəsində Kipoi şəhərindəki mövcud kompressor stansiyasına əlavə kompressor qurğusu quraşdırılacaq və avadanlıqlar yenilənəcək.

Qeyd edək ki, Azərbaycan 2020-ci il dekabrın 31-dən Avropaya qaz ixracına başlayıb.

Son xəbərlər

Orphus sistemi