“Bolqarıstan Azərbaycandan təbii qaz tədarükünün artırılmasında maraqlıdır”.
Bunu “Report”a müsahibəsində Bolqarıstanın energetika naziri Aleksandr Nikolov bildirib.
“Əsas tədarükçümüz - “Qazprom”un tədarüklə bağlı fasilələrə yol verdiyi hazırkı şərait şaxələndirmənin müstəsna əhəmiyyət kəsb etdiyini göstərdi. Öz enerji təhlükəsizliyini təmin etmək üçün Bolqarıstan Azərbaycandan, eləcə də digər təbii qaz ixracatçılarından "mavi yanacaq" tədarükünün artırılmasında maraqlıdır",- o deyib.
Onun sözlərinə görə, son həftələrdə Bolqarıstan tərəfi hazırkı və potensial tərəfdaşları ilə bu məsələni fəal müzakirə edib: "Danışıqların müsbət nəticələnəcəyinə əminik. Bu müzakirələr düşünməyə əsas verir ki, təbii qaz tədarükü bizim üçün xəyal deyil, real prioritetdir. Azərbaycan isə bu məsələdə aparıcı rollardan birini oynayır”.