Azərbaycan bərpaolunan mənbələrdən enerji ehtiyaclarının 30 %-ini təmin etmək məqsədinə 2028-ci ilə qədər çata bilər.
“Report” xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Davosda keçirilən Dünya İqtisadi Forumunda “COP28 və qarşıdakı yol” adlı paneldə deyib.
“Azərbaycan 2030-cu ilə qədər enerji ehtiyaclarının 30 %-ni bərpaolunan mənbələrdən əldə etməyi qarşıya məqsəd qoyub. Bu məqsəd üzrə artıq xeyli irəlidəyik. Bu templə davam edərsək hədəfimizə daha tez – 2028-ci ilə qədər nail ola bilərik”, - deyə nazir qeyd edib.
Energetika Nazirliyinin məlumatına əsasən, Azərbaycanın bərpaolunan enerji mənbələrinin texniki potensialı quruda 135, dənizdə 157 qiqavatdır. Bərpaolunan enerji mənbələrinin iqtisadi potensialı 27 qiqavat, o cümlədən külək enerjisi üzrə 3 min meqavat, günəş enerjisi üzrə 23 min meqavat, bioenerji potensialı 380 meqavatdır. Dağ çaylarının potensialı 520 meqavat həcmində qiymətləndirilir.