Moldova Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə gübrə alışı barədə danışıqlar aparır.
Bu barədə “Report”a müsahibəsində Moldovanın Baş nazirinin müavini, infrastruktur və regional inkişaf naziri Vladimir Bolya bildirib.
“Enerji və aqrar-sənaye sahələrində əməkdaşlıq çərçivəsində SOCAR-ın istehsal etdiyi mineral gübrələrin alınması məsələsi nəzərdən keçirilir. Şirkətin Rumıniyada logistika bazası var və tədarük məhz bu ərazidən təşkil olunacaq ki, bu da mövcud infrastruktura inteqrasiyanı asanlaşdırır”, - nazir əlavə edib.
Onun sözlərinə görə, Moldova enerji təhlükəsizliyinin gücləndirilməsi və enerji təchizatı mənbələrinin şaxələndirilməsi strategiyası çərçivəsində təbii qazın tədarükü haqqında uzunmüddətli çoxillik müqavilənin bağlanması ilə bağlı fəal danışıqlar aparır: “Azərbaycan bu prosesdə əsas tərəfdaşlarımızdan biridir. Xüsusilə ölkə SOCAR ilə qaz idxalı imkanını müzakirə edir”.
V.Bolya qeyd edib ki, Moldova Aİ-nin qaz nəqli sisteminə qoşulub - bu, 2023-cü ildə Yassı-Ungenı-Kişineu qaz kəmərinin istismara verilməsi və 2024-cü ildə Şaquli dəhlizə qoşulma daxil olmaqla, əsas interkonnektorların istifadəyə verilməsindən sonra mümkün olub.
“Beləliklə, bizim Cənub Qaz Dəhlizi ilə tədarük olunan qaza birbaşa çıxışımız var və biz məhz bu marşrutla Azərbaycan qazının alınması barədə fəal danışıqlar aparırıq”, - o vurğulayıb.
Baş nazirinin müavininin sözlərinə görə, bioqaz istehsalı texnologiyalarının inkişafı Moldova üçün xüsusi maraq doğurur: “Moldova Respublikasında böyük potensial: enerji məqsədləri, bioqaz istehsalı üçün səmərəli şəkildə istifadə edilə bilən böyük miqdarda biokütlə var. Biz bu sahəyə investisiyaların və qabaqcıl texnologiyaların cəlb edilməsində maraqlıyıq. Görüşlər zamanı Azərbaycanın Baş naziri və energetika naziri tərəfindən bizə xüsusilə bioqaz infrastrukturunun, yəni biokütlədən bioqaz istehsalı texnologiyalarının inkişafı üzrə mümkün birgə layihələr çərçivəsində tam anlayış və dəstək nümayiş etdirildi”.
Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.