Yuxarı
    Bağlamaq

    MM-in Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclası keçirilib

    Ortaq Neft Şirkəti arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə layihə müzakirə edilib

    Bakı. 6 iyun. REPORT.AZ/ Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün iclası keçirilib.

    “Report”un xəbərinə görə, iclasda parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Gənclər və idman komitəsinin sədri Fuad Muradov, digər komitələrdən olan millət vəkilləri iştirak ediblər.

    Milli Məclis sədrinin müavini, komitə sədri Valeh Ələsgərov bildirib ki, gündəliyə “Azərbaycan Respublikasında "Muradxanlı", "Cəfərli" və "Zərdab" neft yataqlarının daxil olduğu blokun bərpası, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Zenit Aran Oil Company Limited və SOCAR-ın Ortaq Neft Şirkəti arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə” qanun layihəsi haqqında məsələ daxil edilib.

    Sonra Valeh Ələsgərov Saziş barədə məlumat verərək bildirib ki, prezidentin müvafiq sərəncamına uyğun olaraq, bu ilin martın 16-da Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR), Zenit Aran Oil Kompani Limited (Zenit) və SOCAR-ın Ortaq Neft Şirkəti (ONŞ) arasında Saziş bağlanıb. Sənədə əsasən, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə dövlətin mənafelərini təmsil etmək səlahiyyəti verilir. Podratçı tərəflərin iştirak payları ONŞ üçün 20 %, Zenit üçün 80 % təsbit edilir. Sazişin məqsədləri baxımından Kontrakt sahəsi şərti olaraq Kontrakt bərpa və Kontrakt kəşfiyyat sahəsinə bölünür.

    Qeyd edilib ki, podratçı tərəflər Kontrakt sahəsində karbohidrogenlərin kəşfiyyatı, qiymətləndirilıməsi və işlənməsi üçün lazım olan maliyyə vəsaitini təmin etmək öhdəliyini üzərinə götürürlər. Sazişin qüvvəyə minmə tarixindən sonrakı 150 gün ərzində podratçı blokun bərpası və hasilatı planının layihəsini hazırlayıb SOCAR-ın təsdiqinə təqdim etməlidir. Bərpa və hasilat proqramı alındıqdan sonra 60 gün ərzində SOCAR yazılı şəkildə Podratçıdan bu Proqrama hər hansı dəyişikliklərin edilməsini tələb etmirsə, proqram təsdiq olunmuş sayılır. Kontrakt bərpa sahəsi üçün işlənmə və hasilat dövrü bərpa və hasilat proqramının təsdiqi tarixindən başlayır və 25 il ərzində davam edir. Neft-qaz əməliyyatlarının aparılması üçün iş yerlərinin Azərbaycan vətəndaşları ilə komplektləşdirilməsi sazişin qüvvəyəminmə tarixindən mühəndis-texniki işçilər üzrə 70 %, fəhlə heyəti üzrə 90 %, 5 il keçdikdən sonra isə müvafiq olaraq 90 və 95 % göstərilir. Podratçı bu sahədə Azərbaycan vətəndaşlarına peşə öyrədilməsini təmin etməlidir.

    Sənəddə həmçinin, torpaqdan və obyektlərdən istifadə, podratçının neft-qaz əməliyyatları məsrəflərinin ödənilməsi və hasilatın bölüşdürülməsi, vergi qoyulması, karbohidrogenlərin dəyərinin müəyyən edilməsi, əmlaka sahiblik və ondan istifadə, mühasibat uçotunun aparılması, ətraf mühitin mühafizəsi və təhlükəsizlik, idxal, ixrac məsələləri ilə bağlı müddəalar əksini tapıb.

    Müzakirələr zamanı komitə sədrləri Eldar İbrahimov, Səməd Seyidov, deputatlar Mirkazım Kazımov, Çingiz Qənizadə, Bəxtiyar Əliyev, Elman Nəsirov, Zahid Oruc, Asim Mollazadə, Hikmət Məmmədov, Kamran Nəbizadə saziş barədə öz fikirlərini söyləyiblər. Bildirilib ki, sənəd ölkə iqtisadiyyatının inkişafına xidmət edəcək, eyni zamanda, Azərbaycan vətəndaşlarının maraqlarının təmin edilməsi baxımından böyük əhəmiyyətə malikdir.

    Tədbirdə komitə sədri Valeh Ələsgərov və SOCAR prezidenti Rövnəq Abdullayev millət vəkillərinin səsləndirdikləri sualları ətraflı cavablandırıblar.

    İclasın sonunda qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi