Mikayıl Cabbarov: "Türkiyə-Suriya boru xətti Azərbaycanın qaz ixrac coğrafiyasının genişləndirilməsinə töhfələr verəcək"
- 02 avqust, 2025
- 13:15
Türkiyə-Suriya Təbii Qaz Boru Xəttinin açılışı Azərbaycanın qaz ixrac coğrafiyasının yeni istiqamətlər üzrə genişləndirilməsinə töhfələr verəcək.
"Report" xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında yazıb.
"Bu gün ölkəmiz iqtisadi inkişaf yolunda daha bir mühüm mərhələyə daxil olur. Beynəlxalq tərəfdaşlarımız və həmkarlarımızın iştirakı ilə Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya ixracını təmin edəcək Türkiyə-Suriya Təbii Qaz Boru Xəttinin açılışı ölkəmizin etibarlı və strateji enerji təchizatçısı olduğunu bir daha nümayiş etdirdi.
Azərbaycan, Türkiyə və Suriyanın energetika sahəsində uğurlu əməkdaşlığını ifadə edən bu layihə ölkəmizin qaz ixrac coğrafiyasının yeni istiqamətlər üzrə genişləndirilməsinə yeni töhfələr verəcək", - nazir qeyd edib.
Qeyd edək ki, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Suriya hökuməti arasında bu yaxınlarda imzalanmış sənədə əsasən, təbii qazın nəqli üçün bütün texniki hazırlıqlar tamamlanıb. Layihənin ilk mərhələsində Suriyaya ildə 1,2 milyard kubmetr təbii qazın ixracı planlaşdırılır. Qaz Türkiyənin Kilis şəhəri vasitəsilə Hələb və Homsdakı elektrik stansiyalarına çatdırılacaq və elektrik enerjisi istehsalında istifadə olunacaq. Bu proses nəticəsində 1 200-1 300 meqavatlıq elektrik istehsalı gücünə nail olunması nəzərdə tutulur.
Bu gün ölkəmiz #iqtisadi inkişaf yolunda daha bir mühüm mərhələyə daxil olur.
— Mikayil Jabbarov (@MikayilJabbarov) August 2, 2025
Beynəlxalq tərəfdaşlarımız və həmkarlarımızın iştirakı ilə #Azərbaycan qazının #Türkiyə ərazisindən Suriyaya ixracını təmin edəcək Türkiyə - #Suriya Təbii Qaz Boru Xəttinin açılışı ölkəmizin… pic.twitter.com/eHRkNrpfzj