“Liebherr-MCCtec Rostock” Azərbaycana ilk dəfə qaz layihəsi üçün dəniz kranları göndərib
- 24 fevral, 2023
- 06:22
Yeniliklərdən dərhal xəbərdar olun!
Almaniyanın “Liebherr-MCCtec Rostock” şirkəti Azərbaycanda “Ümid-2” qaz layihəsində istifadə edilməsi üçün "Ümid-Babək Əməliyyat Şirkəti"nə (UBOC) 4 yeni dəniz kranı göndərib.
“Report” bu barədə şirkətə istinadən xəbər verir.
Məlumata görə, Board Offshore Crane (BOS) seriyalı qurğuların təhvil verilməsi ilə şirkət ilk dəfə Azərbaycana dəniz kranı göndərib.
Sifariş maksimum 45 ton yükgötürmə qabiliyyəti olan 2 BOS 2600 və 50 ton olan 2 BOS 4200 kranını əhatə edir. Hər iki kranın (BOS 2600 və BOS 4200) əsas montajda 48 metr, köməkçi montajla isə 53 metr qalxa bilən qəfəs oxu var.
Kranlar elektrohidravlik idarə olunur və dəqiq işləməsi üçün “Liebherr Litronic” idarəetmə sistemi ilə təchiz edilir.
Qeyd edək ki, kranın dizaynı Amerika Dəniz Bürosu (ABS) tərəfindən təsdiqlənib.
“Ümid” yatağı 2012-ci ilin sentyabr ayında istismara verilib.
“Ümid-Babək” perspektiv bloku Xəzərin Azərbaycan sektorunun dərinsulu hissəsində, Bakıdan 75 km məsafədə yerləşir. “Ümid” yatağının ehtiyatları ən azı 200 milyard kubmetr qaz və 40 milyon ton kondensat, “Babək” strukturunun ehtiyatları isə 400 milyard kubmetr qaz və 80 milyon ton kondensat həcmində qiymətləndirilir.