İcma ABŞ Konqresinin Komissiyasını qərəzli yanaşmadan əl çəkməyə çağırıb

Daxili siyasət
  • 19 noyabr, 2026
  • 14:31
İcma ABŞ Konqresinin Komissiyasını qərəzli yanaşmadan əl çəkməyə çağırıb

Qərbi Azərbaycan İcması (QAİ) ABŞ Konqresinin Tom Lantos adına İnsan Hüquqları Komissiyasında noyabrın 18-də keçirilmiş dinləmələrdə Azərbaycana qarşı növbəti dəfə qərəzli mövqe nümayiş etdirilməsindən dərin təəssüf hissi keçirir.

"Report" xəbər verir ki, bu barədə İcmanın yaydığı bəyanatda bildirilib.

Qeyd olunub ki, İcma əvvəllər də sözügedən Komissiyanın dinləmələrində Azərbaycana qarşı düşmən münasibəti, azərbaycanlıların pozulmuş hüquqlarına etinasızlığı və dini zəmində ayrı-seçkiliyi kəskin tənqid edib:

"Eyni zamanda, dinləmələrdə iştirak edən "Christian Solidarity International" təşkilatının Azərbaycan əleyhinə qərəzli fəaliyyəti ilə bağlı narahatlıq ifadə edilib. Təəssüf ki, budəfəki dinləmələr də əvvəlki qərəzli yanaşmanın davamı olub. Tədbirdə Azərbaycan əleyhinə ittihamların səsləndirilməsi, bunun müqabilində Ermənistandan zorla qovulmuş Qərbi azərbaycanlıların hüquqlarına, onların doğma yurdlarına qayıdışı məsələsinə, eləcə də onların dağıdılmış mədəni və dini irsinə yer ayrılmaması açıq-aşkar ikili standartların təzahürüdür".

Bəyanata əsasən məsələlərin tarixi ədalət və beynəlxalq hüquq əsasında deyil, dini təəssübkeşlik baxımından təqdim edilməsi, insan hüquqlarının müdafiəsi adı altında fəaliyyət göstərdiyini iddia edən qurumların obyektivliyini ciddi sual altına qoyur:

"Qərbi Azərbaycan İcması Tom Lantos Komissiyasını və "Christian Solidarity International" təşkilatını qərəzli yanaşmadan və ikili standartlardan əl çəkməyə çağırır. Biz, eyni zamanda, Tom Lantos Komissiyasını gələcəkdə regionumuzla bağlı təşkil ediləcək dinləmələrə Qərbi Azərbaycan İcmasını da dəvət etməyə və onun da mövqeyini dinləməyə çağırırıq", - deyə İcmanın bəyanatında qeyd olunub".