Yuxarı

Kremençuq zavodu üçün 84 min ton Azərbaycan nefti Odessaya çatdırılıb

Kremençuq zavodu üçün 84 min ton Azərbaycan nefti Odessaya çatdırılıb
Azərbaycan nefti BELMAR tankerində Ceyhan limanından Odessa limanına yola salınıb

Bakı. 3 oktyabr. REPORT.AZ/ Ukraynanın Kremençuq Neft Emalı Zavodu üçün Odessa limanına (Qara dəniz, Ukrayna) 83,7 min ton Azərbaycan nefti çatdırılıb.

“Report” “Enkorr” saytına istinadən xəbər verir ki, bu barədə Ukraynanın Dəniz Limanları Administrasiyasından bildirilib.

Azərbaycan nefti Malta bayrağı ilə üzən BELMAR tankerində Odessa limanına daşınıb. Məlumatda deyilir ki, Azərbaycan nefti ilə yüklənmiş tanker Ceyhan limanından (Aralıq dənizi, Türkiyə) yola salınıb.

Avqust ayına kimi Azərbaycan nefti Kremençuq zavodu üçün Supsa limanından (Gürcüstan, Qara dəniz) yola salınıb.

Qeyd edək ki, bu il Kremençuq NEZ-ə 1,3 mln. ton həcmində Azərbaycan neftinin nəqli nəzərdə tutulur. “Ukrtatnafta” (zavodun operatoru) Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Kremençuq zavodunda emal üçün illik həmin həcmdə xam neft tədarükü ilə bağlı saziş imzalayıb. Bu çərçivədə “Ukrtransnafta” Odessa-Kremençuq neft kəmərini Azərbaycan nefti ilə doldurub. Zavoda ildə 1,3 mln. ton olmaqla 3 il müddətinə 4 mln. ton həcmində Azərbaycan nefti nəql olunacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi