Bakı. 3 noyabr. REPORT.AZ/ Yunanıstanın Səlanik vilayətinin şimal-qərbində yerləşən Menemeni ərazindəki keçmiş hərbi baza Trans-Adriatik Boru Kəmərinin (TAP) inşası üçün logistika mərkəzi kimi istifadə olunacaq. "Report" xəbər verir ki, bu barədə yunan mediası məlumat yayıb.
Məlumata görə, "Qonos" (Gonos) adlanan hərbi baza Səlanik dəniz limanı ilə birbaşa dəmiryolu xətti ilə bağlıdır. Ümumi 60 hektar ərazisi olan hərbi bazanın yalnız 10 hektarlıq hissəsi logistika mərkəzi kimi istifadə ediləcək, digər 50 hektarlıq ərazinin Səlanik limanına veriləcəyi gözlənilir.
Logistika mərkəzi kimi istfadə üçün TAP-a verilməsi gözlənilən digər hərbi baza Kakiousis ərazisində yerləşir, amma Menemenidəki baza dəmiryolu və Səlanik dəniz limanı ilə əlaqəsinə görə daha üstün hesab edilir.
"Qonos"un TAP-a verilmədən öncə təmizlənməsinə ehtiyac var. Çünki, keçmişdə bu bazadan hərbi texnika və silah-sursat saxlanılması üçün istifadə edilib.
İlkin mərhələdə bazanın 20 hektar hissəsindən bütün hərbi avadanlıqların çıxarılması və təmizlik işlərinin aparılması nəzərdə tutulub ki, onun da 10 hekarı TAP-a veriləcək. 2016-cı ildə bazanın tamamilə boşaldılması planlaşdırılır.
Qeyd edək ki, TAP-ın Yunanıstandan keçən hissəsinin tikintisi 2016-cı ilin əvvəlinə planlaşdırılır.